Ölkəyə yeni bahalaşma dalğası gəlir? - CAVAB
Azərbaycanda pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.
BAKU.WS xəbər verir ki, qiyməti 2 manatadək olan siqaretlər 10 qəpik, 2 manatdan yüksək olanlar isə 20 qəpik bahalaşıb.
Tütün məhsullarının bahalaşması sosial şəbəkədə geniş müzakirə obyektinə çevrilib. İstifadəçilər tütün məhsullarının bahalaşmasına müxtəlif reaksiya göstəriblər. Bəziləri bunu müsbət, bəziləri etirazla, bəziləri də ərzaq məhsullarının bahalaşmasına siqnal kimi qiymətləndirib.
Mövzu ətrafında yaranan müzakirələri nəzərə alaraq ekspertə müraciət etdik və açıq qalan suallara cavab tapmağa çalışdıq. İqtisadçı ekspert Rəşad Həsənov BAKU.WS-ə bildirib ki, tütün məhsullarının bahalaşmasına müxtəlif yanaşmalar var: "Onlardan biri budur ki, əksər hallarda bəzi ölkələr siqaretin bahalaşdırılması ilə tütün məhsullarının istehsalına tələbin aşağı salındığını düşünür. Bu da əhalinin sağlamlığı baxımından müsbət bir trenddir. Lakin praktika onu göstərir ki, bu yanaşma əksər hallarda özünü doğrultmur.
Nəticədə insanlar daha çox ucuz qiymətli tütün məhsullarının istehlakçısına çevrilirlər. Bu məhsulların da insanların səhhətinə zərəri kifayət qədər çox olur. Düşünürəm ki, indiki halda Azərbaycanda tütün məhsullarının qiymətinin bahalaşması əhalinin sağlamlığı baxımından müəyyən zərərli təsirlərə gətirib çıxaracaq.
Bahalaşma uçotun şəffaflaşması və vergi aksizlərinin artımı ilə əlaqədar qəbul edilmiş qərarlar nəticəsində yaranmış situasiyadır. Eyni zamanda burada şirkətlər satış və marketinq strategiyasına uyğun olaraq qiymət siyasəti həyata keçirirlər. İndiki halda tələbin əvvəlki dövrlərlə müqayisədə nisbətən normallaşması müəyyən qədər bu istiqamətdə iqtisadi əsaslar yaradıb. Çünki 2019-cu ildə sosial paketlər, müxtəlif sahələrdə görülən addımlar nəticəsində əhalinin gəlirlərində müyyən artımlar olmuşdur. Bu da nisbətən daha baha qiymətli tütün məhsullarının istehlakına meyilliliyi artırmışdır. Bu kontekstdən şirkətlər faktiki olaraq qiymətləri artırmaq istiqamətində qərarlar qəbul ediblər".
Rəşad Həsənov əlavə edib ki, 2020-ci ildə dünya bazarındakı gündəlik tələbat məhsullarının qiymətlərində proqnozlaşdırılan artım tempi nisbətən daha aşağı olacaq: "O ki qaldı ümumi tütün məhsullarında qiymətlərin atımının ərzaq bazarında qiymətlərə təsirinə, burada birbaşa təsirlərdən söhbət gedə bilməz. Təbii ki, bu gün ölkədə iqtisadiyyatın leqallaşdırılması istiqamətində vergi xidmətinin özünün müəyyən mövqeyi var və bu istiqamətdə tədbirlər həyata keçirilir. Leqallaşma tədbirləri son nəticədə tədarükçü, eyni zamanda istehsalçı şirkətlərin xərclərini müəyyən qədər artırır. Bu xərclər də istehlak xərcləri və qiymətində öz əksini tapır. Bu proses mərhələli şəkildə davam edir və növbəti dövrlərdə də məhz leqallaşmanın doğurduğu səbəblərdən müəyyən qədər qiymət artımlarını müşahidə etmiş olacağıq.
Lakin indiki şərtlər daxilində idxal burada daha çox rol oynayır. Dünya bazarlarında müəyyən qədər ərzaq məhsullarının qiymətində bahalaşma gedir. 2019-cu ildə bu, yüksək səviyyədə olub. Qiymətlər orta hesabla 13 faiz ətrafında artmışdı. Həmçinin 2020-ci ildə - bu ilin əvvəlində də qiymət artımı proqnozlaşdırılırdı. Bu idxaldan asılılıq ölkədə gündəlik tələbat məhsulları bazarında qiymətlərin artımına təsir göstərən birbaşa faktorlardan hesab olunur. Amma bununla yanaşı nəzərə almaq lazımdır ki, yaranmış yeni situasiya müəyyən qədər qlobal iqtisadiyyatda da öz neqativ təsirlərini göstərəcək. Alıcılıq, istehlak gücü zəifləyəcək. Bu fonda düşünürəm ki, 2020-ci ildə dünya bazarındakı gündəlik tələbat məhsullarının qiymətlərində proqnozlaşdırılan artım tempi nisbətən daha aşağı olacaq və bu da Azərbaycan bazarında, təbii ki, öz əksini tapacaq.
Faktiki olaraq tütün məhsullarının qiyməti ilə ərzaq bazarındakı digər məhsullar qiyməti arasında birbaşa əlaqə yoxdur. Bazarda əsas diqtəedici tərəf tələb və təklif, eyni zamanda əhalinin alıcılıq gücüdür. İndiki halda digər səbəblərdən qiymətlərin artma ehtimalı var, ancaq tütün məhsullarında artım olduğu üçün ərzaq bazarında da qiymət artacaq deyə bir iqtisadi yanaşma yoxdur.
Oxşar xəbərlər
Azərbaycan əhalisi 11 ayda ticarət şəbəkələrində 34 milyard manatdan çox pul xərcləyib
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qi...