Ramiz Mehdiyevin bankının lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə "Bank BTB" ASC-nin müraciəti əsasında "Banklar haqqında" Qanunun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də "Bankların yenidən təşkili haqqında Qaydalar"a müvafiq olaraq "Bank BTB" ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, onun hüquqi varisi olan "T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC-yə "Bank olmayan kredit təşkilatları haqqında" Qanunun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 5 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində, "Bank BTB" ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilib, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə "Bank BTB" ASC arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb və həmin müqaviləyə uyğun olaraq "Bank BTB" ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.
"Qeyd edək ki, "Bank BTB" ASC-nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülüb, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb.
Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanıb. "Bank BTB" ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülüb, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunub.
Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə "Bank BTB" ASC-nin lisenziyasının ləğv edilərək "T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC-yə çevrilməsi prosesi uğurla tamamlanıb.
"T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC öz fəaliyyətini Bakı şəhəri, Nigar Rəfibəyli, ev 9 ünvanında həyata keçirəcək", - məlumatda deyilir.
Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.
Oxşar xəbərlər
AMB-nin sədri: "Banklar kreditləşməyə daha 4-6 milyard manat yönəldə bilər"
Azərbaycan banklar kreditləşməyə daha 4-6 milyard manat vəsait yönəldə bilər. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB)...