Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil"
ATƏT-in Minsk Qrupunun tarixə çevrilməsi uğursuz bir vasitəçilik institutunun ləğvi olunması ilə bərabər, Ermənistan-Azərbaycan münaqişəsinin otuz ilə yaxın müddətdə beynəlxalq diplomatiya vasitəsilə necə idarə edildiyini, daha doğrusu, həllinin necə təxirə salındığını və bu vəziyyətin hansı siyasi nəticələr doğurduğunu yenidən qiymətləndirmək üçün mühüm əsas yaradır.
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Minsk Qrupunun 1992-ci ildə yaradılmasından etibarən qarşıya qoyulan məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq olsa da 30 ilə yaxın davam edən prosesin nəticəsi qurumun mandatı ilə onun faktiki fəaliyyəti arasında ciddi fərq olduğunu göstərdi:
"Münaqişə həll edilmədi, Ermənistanın Azərbaycan ərazilərinin işğalı aradan qaldırılmadı, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarına qayıda bilmədi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunan tələblərin icrası təmin olunmadı. Əslində, Minsk Qrupunun fəaliyyətinin və fəaliyyətsizliyinin ən ciddi problemi də məhz burada ortaya çıxırdı. Beynəlxalq ictimaiyyətin ən ali təhlükəsizlik institutlarından biri olan BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul etsə də, bu sənədlərin icrası üçün yaradılmış beynəlxalq siyasi mexanizmlər nəticə vermədi. İşğal faktı dəyişmədən qaldı, danışıqlar isə illər keçdikcə məqsəd deyil, özlüyündə prosesə çevrildi".
Deputat qeyd edib ki, belə bir şəraitdə Azərbaycanın qarşısında yalnız ərazilərinin işğaldan azad edilməsi problemi deyil, həm də cəmiyyətin və dövlətin işğalın yaratdığı status-kvo ilə barışdırılması cəhdi dayanırdı. Uzun illər ərzində sülh anlayışı bəzən işğal faktının aradan qaldırılması ilə deyil, mövcud reallığın qorunması ilə əlaqələndirilirdi. Halbuki işğal şəraitində əldə ediləcək və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyən istənilən razılaşma mahiyyət etibarilə problemin həlli deyil, onun dondurulması olardı:
"Azərbaycan cəmiyyəti üçün qəbuledilməz olan da məhz bu perspektiv idi. Çünki Azərbaycan xalqının gözləntisi müharibənin sadəcə dayandırılması deyil, işğalın nəticələrinin aradan qaldırılması, ərazi bütövlüyünün bərpası, məcburi köçkünlərin öz torpaqlarına qayıtması və beynəlxalq hüququn tələblərinin həyata keçirilməsi idi.
Bu baxımdan, 2020-ci ilin 44 günlük Vətən müharibəsi təkcə hərbi əməliyyatlar silsiləsi kimi qiymətləndirilə bilməz. Müharibə həm də otuz ilə yaxın davam edən nəticəsiz diplomatik status-kvoya son qoyan tarixi dönüş nöqtəsi oldu. Azərbaycan hərbi-siyasi gücündən istifadə etməklə faktiki olaraq dəyişməyən, daha doğrusu dəyişdirilməsi arzulanmayan münaqişə reallığını dəyişdirdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunmuş əsas tələbin - işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinin icrasını öz gücü ilə təmin etdi".
E.Mirzəbəyli qeyd edib ki, burada xüsusi diqqət çəkilməzi zəruri olan məqam ondan ibarətdir ki, Azərbaycan həmin mərhələyə danışıqlardan imtina edərək gəlməmişdi:
"Əksinə, Bakı uzun illər ərzində danışıqlar prosesində iştirak etmiş, beynəlxalq vasitəçilik formatlarına münasibətdə konstruktiv mövqe nümayiş etdirmişdi. Lakin diplomatik prosesin nəticəsizliyi, işğalın davam etməsi və status-kvonun dəyişdirilməməsi vəziyyəti getdikcə daha da mürəkkəbləşdirirdi. Nəticədə Azərbaycan üçün danışıqların məqsədi ilə onun faktiki nəticəsi arasında uçurum yaranmışdı. 44 günlük müharibə məhz bu uçurumu aradan qaldırdı. Azərbaycanın hərbi əməliyyatları nəticəsində 2020-ci il noyabrın 10-da əldə edilmiş üçtərəfli bəyanatla Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı bir sıra rayonların Azərbaycana qaytarılması təmin edildi, Azərbaycan isə ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələyə keçdi. Bununla Minsk Qrupunun fəaliyyət göstərdiyi dövrdə formalaşmış əvvəlki hərbi-siyasi reallıq əsaslı şəkildə dəyişdi".
Elçin Mirzəbəylinin sözlərinə görə, 2020-ci ildən sonra da Qarabağda Azərbaycanın suverenliyinə zidd olan silahlı və siyasi strukturun mövcudluğu davam edirdi. Bu səbəbdən 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri prosesin növbəti mərhələsini təşkil etdi. Azərbaycan həmin tədbirlər nəticəsində Qarabağ üzərində suverenliyini tam bərpa etdi və separatçı silahlı strukturun fəaliyyətinə son qoyuldu:
"Beləliklə, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri birlikdə götürüldükdə, otuz ildən artıq davam edən işğal və separatizm probleminin hərbi-siyasi nəticəsini ortaya qoydu. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da illər ərzində dəyişdirilməsi mümkün olmayan reallıq kimi təqdim edilən status-kvo faktiki olaraq aradan qalxdı".
Onun fikrincə, bu prosesin beynəlxalq hüquq baxımından xüsusi əhəmiyyəti var:
"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü və işğal olunmuş ərazilərdən Ermənistanın işğalçı qüvvələrinin çıxarılmasını tələb edirdi. Lakin həmin qətnamələrin icrası uzun illər təmin olunmadı. Azərbaycan 2020–2023-cü illərdə öz hərbi-siyasi imkanları hesabına ərazi bütövlüyünün bərpasına nail olmaqla, illər ərzində icrasız qalan qətnamələrin əsas məzmununun reallaşmasını təmin etdi.
Bu reallıq Minsk Qrupunun fəaliyyətinin nəticəsini qiymətləndirmək üçün də mühüm meyardır. Əgər beynəlxalq vasitəçilik mexanizmi 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edə bilməmişdisə, Azərbaycan bunu öz gücü hesabına həyata keçirdi. Bu fakt vasitəçilik institutlarının effektivliyi ilə bağlı fundamental suallar doğurur və Minsk prosesinin niyə tarixə çevrildiyini anlamaq üçün əsas açarlardan birini təşkil edir".
O vurğulayıb ki, Minsk Qrupunun iflası məhz bu kontekstdə qiymətləndirilməlidir:
"Problem yalnız onun nəticə əldə etməməsi deyildi. Problem həm də ondan ibarətdir ki, uzunmüddətli nəticəsizlik status-kvonun davamlılığına xidmət edən siyasi mühit formalaşdırmışdı. Belə bir mühitdə sülh anlayışının özünün məzmunu təhlükə qarşısında qalırdı. Əgər sülh işğalın nəticələrinin qorunması ilə eyniləşdirilirsə, bu, sülh deyil, ən yaxşı münaqişənin dondurulması, ən pis halda isə işğalın legitimləşdirilməsi üçün təcavüzkara vaxt qazandırılmasıdır".
Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycanın mövqeyinin əsas prinsipial fərqi də burada ortaya çıxdı və: Bakı müharibəni məqsəd kimi deyil, işğalın aradan qaldırılması üçün son vasitə kimi nəzərdən keçirdi:
"Danışıqların nəticə verməsi üçün onun predmetinin beynəlxalq hüquqa uyğun real siyasi nəticəyə gətirib çıxarması tələb olunurdu. Bu baş vermədikdə isə Azərbaycan mövcud vəziyyəti dəyişmək üçün öz gücünə arxalandı. 2020-ci il müharibəsindən sonra artıq Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsi üçün siyasi əsaslar da sürətlə zəifləməyə başladı. 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində tam suverenliyini bərpa etməsi isə bu prosesi məntiqi sonluğuna çatdırdı. Çünki Minsk formatının yaradılmasına səbəb olmuş Ermənistan-Azərbaycan münaqişəsinin əvvəlki siyasi və hərbi konfiqurasiyası artıq mövcud deyildi".
Deputat əlavə edib ki, 2025-ci ildə ATƏT-in Minsk Prosesi və onunla bağlı strukturların ləğvi məhz bu yeni reallığın institusional təsdiqi oldu. Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının konsensusla qəbul etdiyi qərarla Minsk Prosesi və ona bağlı mexanizmlərin fəaliyyətinə son qoyuldu. Beləliklə, Minsk Qrupunun ləğvi prosesinə yalnız 2025-ci ilin hadisəsi kimi baxmaq doğru olmaz. Bu qərarın arxasında 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin antiterror tədbirləri və Azərbaycanın suverenliyinin tam bərpası ilə formalaşmış yeni reallıq dayanır:
"Bu mənada Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil, əksinə, onun hüquqi-siyasi nəticələrindən biridir. Azərbaycan əvvəlcə döyüş meydanında status-kvonu dəyişdirdi, sonra diplomatik müstəvidə yeni reallığın qəbul edilməsinə və nəhayət, həmin reallığa uyğun gəlməyən köhnə vasitəçilik mexanizminin ləğvinə nail oldu.
Bir vaxtlar Azərbaycanı işğalın yaratdığı reallıqla barışdırmaq və nəticəsiz danışıqlar prosesini sonsuzadək davam etdirmək mümkün görünürdüsə, 2020–2023-cü illərin hadisələri bu yanaşmanın tarixi baxımdan mümkünsüz olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı və dövləti təslimçi sülh modelini qəbul etmədi və sülhün əsas şərtinin ədalətin və ərazi bütövlüyünün bərpası olduğunu önə çəkərək öz qətiyyətli mövqeyindən geri çəkilmədi".
Son olaraq deputat vurğulayıb ki, əgər de-fakto mövcud olduğu dövrdə Minsk Qrupunun missiyası münaqişəni donduraraq Azərbaycanın maraqlarını boğmağa xidmət edirdisə, onun hüquqi baxımdan "dəfn edilməsi" Azərbaycanın həm hərbi, həm də diplomatik müstəvidə tam qələbəsinin rəsmi təsdiqidir:
"Bu, Azərbaycanın postmünaqişə dövrü diplomatiyasının uğurlu nəticəsidir. Bakı sübut etdi ki, öz maraqlarını təkcə güc vasitəsilə deyil, həm də diplomatik müstəvidə qorumaq iqtidarındadır. ATƏT-in qərarı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin qəti şəkildə tanınması deməkdir.
Beləliklə, Minsk Qrupunun buraxılması ilə Cənubi Qafqazda uzun illərdir süni şəkildə saxlanılan qeyri-müəyyənlik dövrü başa çatdı. Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik cəhətdən tam qələbə qazandı. Bu gün artıq gündəlikdə sülhün möhkəmləndirilməsi, regional inteqrasiya və inkişaf perspektivləri anlayışları var. Azərbaycan Minsk Qrupunun uğursuz vasitəçiliyinə son qoyaraq, həm regionun gələcəyini müəyyənləşdirən əsas aktora çevrildi, həm də beynəlxalq münasibətlərdə öz diplomatik iradəsini təsdiqlədi".
Oxşar xəbərlər
Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir"
Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş, Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərinin silahlı hücuma məruz qaldığı təqdirdə özünümüd...