"Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib"
Ermənistan tarix boyu Azərbaycanın əzəli torpaqlarına göz dikməklə kifayətlənməyib, həm də xalqımızı məcburi köçkün və qaçqın həyatı yaşamağa düçar edən bir dövlətdir. Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib. Lakin ən təhlükəli tendensiyalardan biri ondan ibarət idi ki, Ermənistan iki suveren dövlət arasında cərəyan edən beynəlxalq münaqişənin profilini dəyişdirməyə də cəhd göstərirdi.
Bu fikirləri BAKU.WS-ə açıqlaqmasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, məhz bu təhlükəli tendensiyalardan biri ondan ibarət idi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təcavüz etsə də, torpaqlarını işğal etsə də, arxasında dayanan himayədarlardan daha güclü dəstək almaqla bunu ermənilərə qarşı törədilmiş əməllər kimi qələmə verir və ən önəmlisi isə münaqişəni ərazi məsələsi kontekstindən çıxararaq dinlərarası, sivilizasiyalararası toqquşma kimi səciyyələndirməyə çalışırdı. Təbii ki, bununla da Ermənistan öz qanunsuzluqlarının arealını genişləndirməklə məqsədə çatılması yolunda əngəllər törədirdi:
"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü beynəlxalq hüquq prizmasından, ilk növbədə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinin pozulması deməkdir. Bu həm də əhalimizin məcburi köçkün vəziyyətinə salınması kontekstində qiymətləndirilir. Bu qiymətləndirmənin əsası isə BMT Nizamnaməsi, beynəlxalq humanitar hüquq, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində özünü büruzə verir".
Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycan ərazisinə güc yolu ilə daxil olaraq, hərbi yolla torpaqlarımızı işğal etdi və bu işğalın uzun müddət davam etməsi üçün əlindən gələni əsirgəmədi:
"Bütün bunlarla kifayətlənməyən Ermənistan azərbaycanlılara qarşı etnik zəmində soyqırımları törətdi. Bunlardan ən acınacaqlısı isə Xocalı soyqırımıdır. Bir gecədə bir şəhərin əhalisi məhv edildi. Təbii ki, bunun əsasında dayanan amil nifrət və regiondan azərbaycanlıların izinin kəsilməsidir.
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edilərkən zamanında sənədlərdə bu cür qeyd olunan keçmiş "Dağlıq Qarabağ" və onun ətrafındakı rayonlardakı vəziyyət Azərbaycan ərazisi ilə bağlı münaqişə kimi nəzərdən keçirilmişdir. Məhz qətnamələrdə suverenliyimizə, ərazi bütövlüyümüzə hörmət ifadə edilmiş, hərbi əməliyyatların dərhal dayandırılması tələb olunmuş, işğalçı qüvvələrin ərazilərimizdən çıxarılması istənilmişdir. Həmçinin münaqişənin sülh yolu ilə həlli və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması məsələləri də önə çəkilmişdir. Azərbaycanın uzaqgörən Lideri cənab İlham Əliyev isə olduqca müdrik qərarla bölgəni tarixi kontekstdə düzgün dəyərləndirərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları kimi adlandırmış, həmçinin keçmişin izlərini silməklə qədim diyarlarımızın adına da can vermişdir".
Onun fikrincə, 1907-ci il Haaqa Qaydaları və 1949-cu ilin IV Cenevrə Konvensiyası işğal olunmuş ərazilərdə mülki əhalinin müdafiəsini, işğalçı qüvvələrin öhdəliklərini və ərazinin hüquqi statusu ilə bağlı mühüm normaları müəyyən edir. Bu normaların heç biri, təəssüf ki, praktiki mərhələyə keçməmişdir:
"Azərbaycan 27 sentyabr tarixində Ermənistanın törətmiş olduğu təxribata cavab verərkən, Ermənistanın illər ərzində, əsrlər boyu azərbaycanlılara qarşı törətmiş olduğu cinayətlərin layiqli cəzasını verməyə başladı. Çıxılan bu məğrur yolda 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın qəhrəman əsgər və zabitləri gözlərini qırpmadan torpaq uğrunda canlarını fəda etdilər".
Ekspert deyir ki, təcavüzkar müharibə aparmaq ən ağır beynəlxalq cinayət kimi qəti şəkildə damğalanmış bir məsələdir. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törətməklə, bəşəriyyətə qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri ilə məşğul oldu. Azərbaycan isə yenidən beynəlxalq hüquqa istinad edərək, onun norma və prinsiplərinin diktə etdiyi şəkildə öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi:
"Ermənistanı nəinki mühakimə etmirdilər, nəinki törətdiyi cinayətlərin qarşısını almırdılar, əksinə, ona şərait yaradılması ehtimalını belə artırırdılar. Ermənistanın məsuliyyətdən yayınmasına şərait yaradılırdı. Silahlı qüvvələrin qanunsuz şəkildə istifadəsi, separatçı rejimin yaradılması məhz Ermənistana göstərilən dəstək nəticəsində mümkün oldu. Soyqırımı və digər qeyri-insani əməllər Ermənistanın dövlət səviyyəsində atdığı addımlardır.
Baxmayaraq ki, bəşəriyyət tarixi müharibələr tarixi kimi də anılır. Ermənistanın Azərbaycana qarşı törətmiş olduğu çoxistiqamətli təcavüz aktları, təəssüflər olsun ki, dağıdıcı nəticələrlə özünü göstərmişdir. Lakin Azərbaycan dövləti və Azərbaycan xalqı heç bir halda sınmadı. Öz ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, yaradır və torpağın əsl sahiblərinin necə davranmalı olduğunu göstərir".
Son olaraq Ş. Həsənova vurğulayıb ki, beynəlxalq hüququn banisi Hüqo Qrotsi müharibə şəraitində belə humanist davranışa çağıraraq deyirdi ki, "Vəhşi heyvanları çox təqlid etməklə insan olmağı unutmayaq". Ermənistanın atdığı addımlar məhz belə addımlar idi.
Oxşar xəbərlər
Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir"
Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş, Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərinin silahlı hücuma məruz qaldığı təqdirdə özünümüd...