Nazirlikdə təcili iclas – 11 vəzifəli şəxs işdən qovuldu
12
iyl
2018
11:38
Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud olan neqativ halların qarşısının alınması, qərar qəbul etmə prosesində şəffaflığın artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafq əmri ilə bu ilin 30 aprel tarixində yaradılmış İşçi Qrupun növbəti iclası olub.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib. O, vurğulayıb ki, sosial təminat sisteminin gücləndirilməsi Prezident cənab İlham Əliyevin sosial siyasətinin əsas xəttini təşkil edir və bu istiqamətdə mühüm addımlar atılır. Eyni zamanda, dövlət başçımızın nazirlik qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biri bu sahədə şəffaflığın, ünvanlılığın tam təmin edilməsidir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da cənab Prezident sosial təminat sahəsində buraxılmış səhvlərin, pozuntuların tam aradan qaldırılmasını, sosial ədalətin tam bərqərar olmasını və şəffaflığın tam təmin edilməsini tapşırıb.S.Babayev qeyd edib ki, qanunsuz şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq onların yardımla təminatının dayandırılması, eyni zamanda, sosial yardıma ehtiyacı olan, lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi üçün hazırda nazirlik tərəfindən konkret işlər aparılır. Ünvanlı dövlət sosial yardımı üzrə yaradılmış İşçi Qrupu tərəfindən mövcud vəziyyət araşdırılaraq qısa müddətli dövr üzrə bir sıra vacib addımlar atılıb. Belə ki, ailələrin sosial yardım almaq hüququna baxılması üçün müraciət edərkən bəzi hallarda “sövdələşmə”lər, sosial yardım üçün elektron qaydada müraciətin edilməsində köməkliyə görə qeyri-qanuni ödəmə tələb edən işbazların olması kimi hallar ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edib. Bu hallar, habelə sosial yardım almaq hüququna baxılması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin şöbələrin əməkdaşları tərəfindən müayinəsində ünvanlılıq, ədalətlilik prinsiplərinin və şəffaflığın pozulması, subyektiv yanaşmaların özünü göstərməsi sosial yardım sistemi ilə bağlı vətəndaşlar arasında haqlı narazılığa səbəb olub. Son iki ayda aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi müəyyən olunan DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib.Nazir bildirib ki, aztəminatlı ailələrin müəyyən edilməsi prosesinin daha şəffaf, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün ilkin addım kimi maddi-məişət şəraitinin müayinəsi DSMF-nin yerli şöbələrinin rəhbər şəxslərinə, şəxsi məsuliyyət prinsipi üzrə və müayinə nəticələrinin e-imza ilə təsdiq edilməsi şərti ilə həyata keçirilməsi tapşırılıb. Hazırda 54 min ailənin (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin edildiyini qeyd edən S.Babayev diqqətə çatdırıb ki, hər ailəyə orta hesabla ayda 178 manat sosial yardım ödənilir. İşçi Qrupu tərəfindən sosial yardım alan ailələrin kateqoriyalarının və ailələrə yardımın təyin edilməsindən imtina olunmasının səbəbləri də araşdırılıb. Sosial yardım alan 54 min ailədən 32880 ailənin daha həssas kateqoriyalara (I və ya II qrup əlil üzvü və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan ailələr, ailə başçısını itirmiş ailələr, 3-4 uşağı olan ailələr, qaçqın və ya məcburi köçkün olan ailələri və s.) aid olduğu müəyyən edilib. Digər 21 min ailədə isə əmək qabiliyyətli insanların olduğu müəyyən edilərək onların özünüməşğulluq proqramına cəlb olunması istiqamətində işlər aparılır. S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə carı ildə sosial yardımın alınması üçün elektron sistemə təxminən 90 minə yaxın müraciət daxil olub ki, ilkin mərhələdə elektron qaydada araşdırmalar aparılmaqla, sistem tərəfindən onlardan 57 min ailəyə sosial yardım təyin edilməsindən imtina qərarı verilib. 32666 müraciətlə bağlı isə həmin müraciətləri edən ailələrin maddi-məişət şəraitinin müayinəsinin aparılması qərara alınıb və aparılmış müayinələrin nəticələri əsasında həmin ailələrdən 11678 ailəyə sosial yardım təyinatından imtina edilib, 18332 ailəyə isə sosial yardım təyin edilib. Maddi-məişət şəraitinin müayinəsindən sonra ailələrə yardım təyin olunmasından imtina edilməsinin əsas səbəbləri sırasına ailə tərkibinin, ailənin kommunal xərclərinin, habelə ailə gəlirləri və ailənin yardımçı təsərrüfatı, ailənin əmlakı, torpaq mülkiyyəti barədə məlumatın düzgün göstərilməməsi və ya gizlədilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və s. daxildir.Nazir sosial yardımın təyinatı zamanı informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatların dəqiqliyinin və dolğunluğunun təmin edilməsi məqsədilə müvafiq dövlət qurumlarına məktublar hazırlandığını, ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi üçün indikatorların müəyyən olunması istiqamətində işlərin aparıldığını da qeyd edib. O eləcə də sosial yardımın alınması üçün müraciət edən ailələrin qərar qəbuletmə prosesində digər sosial proqramlara cəlb edilməsi istiqamətində intensiv işlərin aparılmalı olduğunu bildirib.İclasda işçi qrupunun gördüyü işlər, hazırlanan yeni təkliflər müzakirə olunub, qısamüddətli və ortamüddətli dövr üçün görüləcək tədbirlər müəyyən olunub, işçi qrupuna müvafiq tapşırıqlar verilib.BAKU.WS
Oxşar xəbərlər
Prezident nazirləri toplayıb iclas keçirdi
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının ye...