Luka Skieppati: "Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir"

Luka Skieppati: Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir
İqtisadiyyat 9

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycandan Avropaya ümumi qaz tədarükü təxminən 40 milyard kubmetr təşkil edib.

"Report" xəbər verir ki, bu barədə TAP AG boru kəməri şirkətinin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) İtaliya Enerji Forumunda bildirib.

Qeyd edək ki, TAP Boru Kəmərinin operatoru olan TAP AG konsorsiumunun "X" sosial şəbəkə hesabında bu barədə paylaşım edilib.

"Boru kəmərinin istismara verilməsindən bu günə qədər TAP vasitəsilə Avropaya 40 milyard kubmetrdən bir qədər az qaz nəql edilib. Bunun 32,8 milyard kubmetri İtaliyaya tədarük edilib. Bu, ölkəyə qaz idxalının ikinci mənbəyidir və ümumi tədarükdə 15 %-dən çox paya malikdir", - şirkətdən bildirilib.

O, həmçinin qeyd edib ki, TAP-ın texniki və kommersiya cəlbediciliyi və çevikliyi operatorlar tərəfindən qiymətləndirilib: "Bu gün 43 şirkət boru kəmərinin gücünü rezerv etmək hüququna malikdir".

"TAP 2026-cı ilin əvvəlindən illik nəqliyyat gücünü 1,2 milyard kubmetr artıracaq. Bu, bazar marağına əsaslanaraq tutumların genişləndirilməsi imkanını təsdiqləyir", - L.Skieppati vurğulayıb.

O, həmçinin qeyd edib ki, Karbon Emissiyalarının İdarə Edilməsi Planı (2022-2025) çərçivəsində TAP artıq karbon dioksid emissiyalarını 30 %, metan emissiyalarını 53 %, təşkil olunmayan tullantılar isə 70 % azaldıb: "TAP davamlı enerji keçidini təmin etməyə çalışır. Hidrogen və biometanı qəbul etməyə hazırlaşır. Qazın nəqli üçün getdikcə daha dayanıqlı həllər təklif edir. Biometana gəldikdə, biz onu boru kəmərimizə qəbul etməyə hazırıq və qarşımıza onun tənzimlənməsinin inkişafına töhfə verməklə bağlı məqsəd qoyuruq".

Bundan əlavə, L.Skieppati vurğulayıb ki, hazırda şirkət qaz kəmərinin boru materiallarını hidrogen nəqlinə davamlılıq baxımından sınaqdan keçirir: "Bundan əlavə, biz hidrogen qarışığının nəqli üçün avadanlıq və sistemlərin uyğunluğunu qiymətləndiririk".

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. 2023-cü ildə Azərbaycan qazının Avropaya tədarükü 11,8 milyard kubmetr təşkil edib. 2024-cü ildə Azərbaycan qazının Avropaya tədarükünün 12,5 milyard kubmetr səviyyəsində olacağı planlaşdırılır.

Son xəbərlər