Elnur Əliyev sahibkarlara verilən güzəştləri və investisiya layihələrinin həcmini açıqlayıb

Elnur Əliyev sahibkarlara verilən güzəştləri və investisiya layihələrinin həcmini açıqlayıb
İqtisadiyyat 31

Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması, ixrac xərclərinin azaldılması və yeni investisiya layihələrinin təşviqi istiqamətində müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq olunur.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev III Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qeyri-neft-qaz məhsullarının ixracı zamanı daşınma xərclərinin 70 faizədək hissəsinin dövlət tərəfindən qarşılanması, kiçik və orta ixracatçıların gömrük rəsmiləşdirilməsi üzrə ödədikləri yığımların bir qisminin kompensasiya olunması nəzərdə tutulur. Bundan başqa, Naxçıvanda istehsal edilən məhsulların Azərbaycanın digər ərazilərinə daşınma xərclərinin 70 faizi dövlət hesabına ödənilir.

E.Əliyevin sözlərinə görə, regionlarda biznesin maliyyələşdirilməsini asanlaşdırmaq məqsədilə Bakı və Abşeron yarımadasından kənarda verilən kreditlər üzrə faizlərin 50 faizinin subsidiyalaşdırılması mexanizmi də fəaliyyət göstərir. Kreditlər üzrə əsas borcun işğaldan azad edilmiş ərazilərdə 90 faizədək, digər regionlarda isə 50 faizədək hissəsinə dövlət zəmanətinin verilməsi planlaşdırılır.

Nazir müavini əlavə edib ki, 2027-ci ildən sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu addım yeni müəssisələrin yaradılması zamanı sahibkarların ilkin xərclərini azaltmağa yönəlib.

O vurğulayıb ki, dəstək proqramlarının nəticə verməsi üçün müraciətlərə vaxtında baxılması, tətbiq qaydalarının aydın olması və müvafiq şərtlərə cavab verən sahibkarların həmin imkanlardan istifadə edə bilməsi vacibdir.

E.Əliyev investisiya təşviqi mexanizminin əhatə dairəsi və müddəti barədə də məlumat verib. Bildirilib ki, 17 strateji istiqaməti əhatə edən mexanizmin qüvvədəolma müddəti 2029-cu ilin sonuna qədər uzadılıb. Sentyabrın 1-nə olan məlumata görə, 528 sahibkarlıq subyektinə ümumilikdə 633 investisiya təşviqi sənədi təqdim edilib. Bu layihələr çərçivəsində 9,3 milyard manat investisiyanın yatırılması və təxminən 47 min yeni iş yerinin yaradılması planlaşdırılır.

Nazir müavini qeyd edib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu 2026-cı ilin ilk səkkiz ayında təxminən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayırıb. Onun sözlərinə görə, investisiya təşviqi sənədlərinin verilməsi ilə kifayətlənmək olmaz, layihələrin reallaşdırılması, müəssisələrin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin yaradılması da nəzarətdə saxlanılmalıdır.

E.Əliyev investisiya layihələrinin icrası zamanı sahibkarlara dəstək göstərilməsinin əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, sentyabrda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 investisiya sənədi imzalanıb. "Bakı Enerji Həftəsi" çərçivəsində elan olunan layihələr də nəzərə alındıqda, investisiyaların ümumi məbləği 16,7 milyard dollara çatır.

Nazir müavini vurğulayıb ki, bu potensialın real iqtisadi nəticələrə çevrilməsi üçün layihələrin həyata keçirilməsinə dəstək verilməsi və icra prosesində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması zəruridir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər