Pərviz Şahbazov: Azərbaycanda yaşıl enerji üzrə yeni hərraclar keçiriləcək

Pərviz Şahbazov: Azərbaycanda yaşıl enerji üzrə yeni hərraclar keçiriləcək
İqtisadiyyat 17

Azərbaycanda günəş və külək enerjisi sahəsində yeni investisiya imkanlarının yaradılması istiqamətində növbəti addımlar atılacaq. 2028-ci ildən etibarən bərpa olunan enerji layihələri üzrə yeni rəqabətli hərracların keçirilməsi nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power", Böyük Britaniyanın BP şirkəti, eləcə də Çin və digər ölkələri təmsil edən şirkətlərlə 20-yə yaxın irimiqyaslı günəş və külək enerjisi layihəsi həyata keçirilir.

Onun sözlərinə görə, 2027-ci ilin sonunadək birinci mərhələ üzrə ümumi gücü təxminən 2 QVt olan 11 elektrik stansiyasının istismara verilməsi prosesi tamamlanacaq. Həmin layihələrə özəl sektorun 2 milyard dollardan, dövlətin isə 600 milyon dollardan çox vəsait yatıracağı proqnozlaşdırılır.

P.Şahbazov yerli şirkətlərin də yaşıl enerji sahəsində iştirakının artdığını diqqətə çatdırıb. SOCAR-ın bir sıra bərpa olunan enerji təşəbbüslərinə qoşulması, eləcə də Cəbrayıl və Naxçıvanda ümumi gücü 150 MVt olan dörd stansiyanın yerli investorlar tərəfindən həyata keçirilməsi bu istiqamətdə atılan addımlardandır.

Nazir qeyd edib ki, Azərbaycanın 2024-cü ildə COP29 çərçivəsində keçirdiyi ilk bərpa olunan enerji hərracının qalibi olan Çinin "Universal International Holdings Limited" şirkətinin inşa etdiyi 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası da bu yaxınlarda fəaliyyətə başlayıb.

Energetika nazirinin sözlərinə görə, imzalanmış müqavilələrə əsasən, 2032-ci ilədək Azərbaycanda günəş və külək enerjisi üzrə ümumilikdə təxminən 8 QVt gücün yaradılması planlaşdırılır.

P.Şahbazov vurğulayıb ki, bərpa olunan enerji sektoruna investisiyaların cəlb edilməsi məqsədilə investorların rəqabətli hərraclar və birbaşa cəlbetmə mexanizmləri ilə seçilməsi, dövlət təminatlarının verilməsi və digər təşviq vasitələrindən istifadə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər