Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir?

Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir?
Foto
İqtisadiyyat 41

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.

Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1.5 dəfə endirilib.

Bildirilib ki, yeni tarif modelində xidmət haqqının vaxtdan asılı olmayaraq əməliyyat məbləğinin həcminə əsaslanan intervallar üzrə sabit məbləğlərlə tətbiq olunması nəzərdə tutulub.

Bundan əlavə, innovativ ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə 24/7 rejimində hesablaşmaların real vaxtda icrasını təmin edən Ani Ödənişlər Sistemi (AÖS) üzrə xidmət haqları digər sistemlərlə müqayisədə daha aşağı müəyyən olunub. Ödənişlərin AÖS vasitəsilə icrası istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən köçürmələrin aparılmasına, habelə vəsaitlərin dərhal bank hesabına qəbulu ilə likvidliyin yüksəldilməsinə imkan yaradır.

Görəsən, sözügedən qərar bank kartları arasında komissiyanın məbləğinin dəyişməsinə səbəb ola bilərmi?

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, sözügedən qərar banklararası hesablaşmaları müəyyənləşdirən tariflərdir.

Onun sözlərinə görə, qərarın vətəndaşlara göstərilən xidmətlərlə bağlı birbaşa əlaqəsi yoxdur:

Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir?

"Təbii ki, vətəndaş bu xidmətlərdən istifadə edəndə bunun müəyyən təsiri ortaya çıxa bilər, amma əsasən banklararası hesablaşmalara təsir edir. Əvvəldən də bu xidmətlər üzrə müəyyən tariflər var idi, yəni bunlar tamamilə pulsuz deyildi. Hansısa bank xidmətindən istifadə ediriksə və həmin xidmət bizə pulsuz təqdim olunursa, bu o demək deyil ki, həmin xidmətin bank üçün heç bir dəyəri yoxdur. Sadəcə, bank müəyyən səbəblərə, öz maraqlarına və digər amillərə görə həmin xərci müştəridən tələb etmir. Məsələn, bankomatdan pul çıxarılması və ya kartdan-karta müəyyən limit çərçivəsində pul göndərilməsi bank üçün xərc yaradır. Bu əməliyyatların həyata keçirilməsi və təşkili bank üçün əlavə xərclərlə bağlıdır. Amma hansı bankın bu xidməti pulsuz təqdim etməsi, hansının isə komissiya tutması həmin bankın öz siyasətidir. Yeni tarif sistemi isə banklararası ödəniş sistemlərində tariflərin müəyyən edilməsindəki fərqliliyi aradan qaldırmağa yönəlib. Mərkəzi Bank konkret tarifləri müəyyənləşdirir. Yəni iştirakçılar arasında, eləcə də banklararası ödəniş sistemləri üzrə hesablaşmalar üçün konkret tarif müəyyən edilir. Əvvəllər tərəflər müəyyən tarifləri öz aralarında razılaşma yolu ilə müəyyən edə bilirdilərsə, indi normativ qaydada konkret tariflər müəyyənləşdirilir. Bu baxımdan, həmin tariflərin birbaşa vətəndaşa tətbiq olunmasından daha çox, banklararası hesablaşmalar üçün nəzərdə tutulduğunu demək olar".

Ekspert əlavə edib ki, bankın qiymət siyasəti müştəri cəlb etmək strategiyası ilə bağlıdır:

"Tariflərin vətəndaşların kartdan-karta əməliyyatlarına birbaşa təsiri məsələsinə gəldikdə, məsələn, hansısa bank 2 000 manata qədər kartdan-karta köçürməni pulsuz təqdim edə bilər. Amma bu, həmin əməliyyatın bank üçün heç bir xərc yaratmadığı anlamına gəlmir. Təbii ki, bu əməliyyatların həyata keçirilməsi müəyyən xərclərlə bağlıdır və Mərkəzi Bank həmin xərclərin həddini, yəni bankların bir-birindən tuta biləcəyi məbləği müəyyənləşdirir. Məsələn, müəyyən məbləğə qədər əməliyyat üçün müəyyən komissiya tətbiq oluna bilər. Bunun həmin bank tərəfindən müştəriyə əks etdirilib-etdirilməməsi isə bankın özündən asılıdır. Hazırda da bəzi kartlarda kartdan-karta əməliyyat zamanı komissiya məbləği göstərilir, bəzilərində isə belə bir komissiya tutulmur. Yəni bu, bankın öz siyasətindən asılıdır. Bank istəsə, kartdan-karta əməliyyata görə müştəridən komissiya tuta, istəsə də həmin xidməti pulsuz təqdim edə bilər. Bu, bankın qiymət siyasəti və müştəri cəlb etmək strategiyası ilə bağlıdır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər