Əhali əmanətlərini geri çəkir - banklar çətin durumda...

Əhali əmanətlərini geri çəkir - banklar çətin durumda...
İqtisadiyyat 2875

 

Ciddi problemlər içərisində olan banklar sürətlə əmanətlərini də itirməkdədir. Ekspertlər prosesin getdikcə güclənəcəyini və davamlı olacağını bildirirlər. Səbəb kimi bank sisteminə etimadın azalması göstərilir. Ekspertlərin fikrincə, bu ilin avqust-sentyabr aylarında həyata keçirilmiş "qara bazar” əməliyyatı bank sisteminə olan etimadı tam sarsıdıb. Bu səbəbdən əmanətlərin çıxarılması prosesinin sürətlənməsi gözləniləndir. Bu isə fəaliyyət göstərən bankların da bağlanma təhlükəsini artırır. 

İqtisadçı alim Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əmanətlərlə bağlı durum o qədər də ciddi deyil: "Mərkəzi Bankın internet səhifəsində əks olunan məlumatlar göstərir ki, cari ilin səkkiz ayında banklardakı depozitlərin həcmi son 10 ildə rekord bir həddə qədər arta bilib. Belə ki, göstərilən dövrdə əmanətlərin məbləği 23 milyard 674 milyon manat olub. 

Bu da ilin əvvəli ilə müqayisədə 4,9 faiz artım deməkdir. Əmanətlərin valyutalar üzrə quruluşuna nəzər saldıqda, mənzərənin ürəkaçan olmadığını - yəni ümumi 23 milyard 674 milyon manat əmanətin 19 milyard 187 milyon manatının və ya 81 faizinin xarici valyutada olan əmanətlərin payına düşdüyünü görmək olar. 

Bankların xarici valyutada verdikləri və bu gün ödənişində çətinliklərlə üzləşdiyi pis kreditlərlə yanaşı, digər ciddi bir problemi məhz ümumi əmanətlərin tərkibində xarici valyutada olan əmanətlərinin xüsusi çəkisinin böyük olmasıdır. Lakin ötən dövr ərzində bu məsələdə müsbət meyllərin baş verdiyi diqqəti çəkir. Ümumi əmanətlərin tərkibində xarici valyutada olan əmanətlərin xüsusi çəkisinin ilin əvvəli ilə müqayisədə 1,2 faiz azalmasını pozitiv hal kimi dəyərləndirmək olar. Düzdür, bu çox kiçik bir azalmadır, lakin o, bu problemin həllində pozitiv bir ənənənin başlanğıcı kimi də dəyərləndirilə bilər.  Paralel olaraq manatla olan əmanətlərin xüsusi çəkisi artmağa başlayıb. Belə ki, əgər cari ilin yanvar ayı ilə müqayisədə avqust ayında xarici valyutada olan əmanətlərin həcmi 3,4 faiz artmışdısa, həmin dövrdə manatla olan əmanətlər 11,7 faiz, yəni 3,4 dəfə üstün arta bilmişdi. Bu, artıq manata olan inamın qaytarılması istiqamətində dövlətin və onun aidiyyəti strukturlarının son bir ilə qədər vaxt ərzində atdıqları addımların nəticəsi kimi dəyərləndirilməlidir. Təbii ki, bu sırada əmanətlərin üç il müddətinə tam sığortalanması, sığorta olunan əmanətlər üzrə bankların ödədikləri faiz dəhlizinin genişləndirilərək 12-dən 15-ə çatdırılması kimi addımları xüsusi qeyd etmək lazımdır”. 

Ekspertin sözlərinə görə, əmanətlərlə bağlı mövcud durumun manatın xeyrinə daha sürətlə həll edilməsinin mühüm yolu xarici valyutada yerləşdirilən əmanətlər üzrə ödənilən faiz dərəcələrinin bir qədər də optimallaşdırılmasından, xarici valyutada verilən kreditlərin həcminin minimum həddə endirilməsindən keçir: "Xarici valyutada verilən kreditlərlə bağlı məsələ çox sadədir. Yəni burada idxalla məşğul olan müştərilər istisna olunmaqla, xarici valyutada gəlirləri olmayan müştərilərə xarici valyutada kreditlərin verilməsini birmənalı şəkildə dayandırmaq lazımdır. Bank sisteminin son iki ildə yaşadığı bu qədər ciddi problemlərdən sonra, hansısa bir bankın vətəndaşa aid istehlak kreditini xarici valyutada verməsi yeni risklərin yaranmasına səbəb ola bilər”.

F.Yusifov qeyd edib ki, bağlanan banklarda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur: "Son dəfə biz bunu bağlanmış ”Bank Standard"ın timsalında gördük. Bizdə Əmanətlərin Sığortalanması Fondu var və banklar bu fondun üzvüdür. Fondun bağlanan banklar üzrə yaranacaq çətinlikləri aradan qaldırmaq məqsədilə müxtəlif formalarda vəsaitlər cəlb etmək səlahiyyətləri var. Vəsait cəlb edə bilmədikdə isə fond dövlətdən və ya Mərkəzi Bankdan borc almaq yolu ilə problemi həll etmək iqtidarındadır". 

Onun sözlərinə görə, sığortalanmayan əmanətlərlə bağlı məsələ bir qədər fərqlidir: "Bu gün sığortalanmayan əmanətlər o əmanətlərdir ki, onların sahibləri müəyyən riskə gedərək öz sərbəst vəsaitlərini sığortalanan əmanətlər üzrə müəyyən edilmiş faiz dərəcəsindən daha artıq faizlə banklara yerləşdiriblər. Burada seçim müştərinin özünündür. Bütün hallarda müştərilərə tövsiyə olunur ki, əmanətlərə verilən faizlər hesabına bir qədər artıq qazanc əldə etmək xatirinə öz əmanətlərini risklərlə müşayiət olunan bir şəkildə banklara yerləşdirməsinlər”.

Qeyd edək ki, ekspertlər sığortalanmayan əmanətlərlə bağlı problemin ciddiliyini vurğulayırlar. Ekspertlər bu əmanətlərin qaytarılma ehtimalının olmadığını bildirirlər. 

 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər