Əhali kütləvi şəkildə pullarını bankdan niyə çıxarır?

Əhali kütləvi şəkildə pullarını bankdan niyə çıxarır?
İqtisadiyyat 955

 

"Mərkəzi Bankın saytına əsasən bu ilin əvvəlinə banklarda 9,4739 mlrd. manat əmanət var. Məlumdur ki, əmanətlər əsasən dollarla yerləşdirilib. Deməli, yanvarın 1-nə olan məzənnəni götürsək, hazırda banklarda 6,1121 mlrd. dollar məbləğində əmanət var (cari məzənnə ilə isə daha da az – 5,9584 mlrd. dollar). 2015-ci ilin dekabrın 1-nə olan məlumata görə banklarda olan əmanətlərin məbləği 7,0895 mlrd. manat idi. O dövrdə olan məzənnə ilə 6,7519 mlrd. dollar. Bu isə o deməkdir ki, təkcə dekabr ayı ərzində banklardan 640 mln. dollara yaxın əmanət çıxarılıb".

BAKU.WS-in məlumatına görə, bunu ekspert Əkrəm Həsənov söyləyib. Mütəxəssis hesab edir ki, 2015-ci ilin yanvarın 1-nə olan məlumata görə banklarda olan əmanətlərin məbləği 7,1883 mlrd. manat idi. O dövrdə olan məzənnə ilə 9,2157 mlrd. dollar. Bu isə o deməkdir ki, 2015-ci il ərzində banklardan 3,1 mlrd. dollardan çox əmanət çıxarılıb.

"Artıq fevralın 5-dir, ehtimal etmək olar ki, əmanətlərin məbləği daha da azalıb və artıq 6 mlrd. dollardan da azdır. Onu da ehtimal etmək olar ki, əmanətlərin kütləvi çıxarılması prosesi davam edəcək. Səbəb aydındır: bank sisteminə etimadın azalması, Mərkəzi Bankın banklara səmərəsiz nəzarəti, bəzi bankların bağlanması və sığortalanmamış əmanətlərin faktiki batması, mövcud bankların bir qisminin əmanətləri həyasızcasına və cəzasız olaraq qaytarmaması, bankların problemli kreditlərinin xeyli artması və nəticədə əmanətlərin batma ehtimalları və s. Bir səbəbi də xüsusi qeyd etmək lazımdır: dövlət istiqrazlarının buraxılması. Təbii, pulunu mütləq yerləşdirmək istəyən indiki dövrdə onu banka deyil, dövlətə etibar edəcək. Buna görə də əmanətlərdəki vəsaitlərin əksəriyyətinin dövlət istiqrazlarına axması qaçılmazdır".

Mütəxəssisin fikrinə, "Əmanətlərin tam sığortalanması” haqqında Qanunun da yaxında qüvvəyə minməsi vəziyyəti ciddi şəkildə dəyişməyəcək: "Çünki əmanətlərə dövlət deyil, Əmanətlərin Sığortalanması Fondu təminat verir. Həmin Fondun özü də müflis ola bilər və bu halda əmanətlər batacaq, dövlət isə heç nəyə görə məsuliyyət daşımayacaq. Dövlət istiqrazlarına görə isə dövlət birbaşa cavabdehdir. Banklar üçün çıxış yolu nədir? Şəffaf olmaq, ictimaiyyəti dəqiq və vaxtında məlumatlandırmaq, qeyri-sağlam bankları sıralarından xaric etmək, borclularla real və ciddi kompromisə getmək və xoş məramı göstərmək, çünki kreditlər qayıtmasa, əmanətlərin də qaytarılması mümkün olmayacaq. Etimadı bərpa etmək lazımdır. Əks halda, əmanətləri tam itirəcəklər".

BAKU.WS

Son xəbərlər