Dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə müsabiqənin nəticələri məlum olub
Dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün elan edilmiş müsabiqənin nəticələrinə görə, Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin rəhbərlik etdiyi konsorsium 1-ci yeri tutub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb olunması sosial-iqtisadi inkişaf baxımından önəm kəsb edir.
Bu məqsədlərdən irəli gələrək Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı sahəsində ilk pilot layihə həyata keçirilir. İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün 8 fevral 2024-cü ildə elan edilmiş müsabiqənin nəticələri məlum olub.
Müsabiqəyə təqdim olunmuş təkliflərin texniki və maliyyə qiymətləndirilməsinin nəticələrinə görə, "ACWA Power" şirkətinin rəhbərlik etdiyi konsorsiumun təklifi müsabiqə üzrə 1-ci yeri tutub. Müsabiqədə 2-ci və 3-cü sıralarda isə müvafiq olaraq İsrailin "IDE Water Assets Ltd" və Birləşmiş Ərəb Əmirliklərinin "Metito Utilities Limited" şirkətləri yer alıb.
Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən, layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.
Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, həmçinin xarici sərmayənin cəlbi baxımından mühüm töhfədir.
Qeyd edək ki, müsabiqədə "ACWA Power" şirkətinin rəhbərlik etdiyi konsorsiumun digər üzvü Türkiyənin "IC İÇTAŞ İNŞAAT SANAYİ VE TİCARET A.Ş." şirkətidir.
Səudiyyə Ərəbistanının 2004-cü ildə təsis edilmiş "ACWA Power" suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət 13 ölkədə - Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərir və 4 mindən çox işçi heyətinə sahibdir.
"ACWA Power"ın portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 94 layihədən ibarətdir. Bu layihələrin sərmayə dəyəri 97 milyard ABŞ dolları təşkil edir. Şirkət 69 GVt enerji istehsalı və gündəlik 8 milyon m³ suyun duzsuzlaşdırılması gücünə malikdir.
Genişmiqyaslı layihələrdə 50 ildən çox təcrübəyə malik olan Türkiyənin tanınmış şirkəti olan "IC İÇTAŞ İNŞAAT SANAYİ VE TİCARET A.Ş." isə sənaye, infrastruktur, investisiya, enerji istehsalı və paylanması, turizm və s. sahələrdə fəaliyyət göstərir və 20 mindən çox işçisi var.
Oxşar xəbərlər
"Petkim" Türkiyədə "İxracatın ulduzları" siyahısında birinci olub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan "Petkim" neft-kimya kompleksi 2024-cü ildə Egey İxracatçı Birlikləri tərəfindən "İxracatın u...