Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib

Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib
İqtisadiyyat 28

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib.

BAKU.WS xəbər verir ki, report bu barədə quruma istinadən məlumat yayıb.

Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, hesabatlılıqla bağlı inzibati yükün azaldılması və prosedurların sadələşdirilməsi vergi orqanlarının fəaliyyətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Müasir texnologiyaların tətbiqi ilə vergi inzibatçılığının rəqəmsallaşdırılması, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında məlumat mübadiləsinin operativliyinin artırılması aparılan islahatların mühüm istiqamətlərini təşkil edir. Xüsusilə, vergi hesabatlarının təqdim edilməsi və vergi öhdəliklərinin yerinə yetirilməsi proseslərinin avtomatlaşdırılması, mövcud informasiya bazaları əsasında hesabat və müraciət formalarının əvvəlcədən hazırlanması sahibkarların inzibati yükünün azaldılmasına və vaxta qənaət edilməsinə xidmət edir.

Bu istiqamətdə həyata keçirilən mühüm yeniliklərdən biri ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin artıq ödədiyi vergi məbləğlərinin sadələşdirilmiş və avtomatlaşdırılmış qaydada geri qaytarılması mexanizminin tətbiqidir.

Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin böyük dövlət vergi müfəttişi Fariz Salahov bildirib ki, yeni mexanizm ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, dövriyyə vəsaitlərinin daha səmərəli idarə olunmasına və artıq ödənilmiş vergilərin geri qaytarılması ilə bağlı inzibati prosedurların sadələşdirilməsinə xidmət edir.

Onun sözlərinə görə, mexanizmin əsas üstünlüyü müəyyən edilmiş meyarlara uyğun gələn ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyiciləri üzrə artıq ödəmə məbləğlərinin vergi orqanı tərəfindən müəyyən edilməsi və müvafiq ərizələrin əvvəlcədən hazırlanaraq onların elektron kabinetlərində yerləşdirilməsidir. Bununla da əlavə sənədlərin hazırlanmasına, müraciətlərin tərtib edilməsinə və vergi orqanının informasiya sistemlərində mövcud olan məlumatların təkrar təqdim edilməsinə sərf edilən vaxt və resurslar azalır. Prosesin elektron mühitdə təşkili müraciətlərin daha operativ icrasına və vergi xidmətlərinin əlçatanlığının artırılmasına imkan yaradır.

F.Salahov qeyd edib ki, müəyyən edilmiş uyğunluq meyarlarına cavab verən ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyiciləri elektron kabinetlərində yerləşdirilmiş ərizəni təsdiq etməklə əlavə nəzarət tədbirlərinə cəlb edilmədən artıq ödədikləri vergi məbləğlərinin geri qaytarılması prosesini başlada bilirlər. Bu yanaşma risk əsaslı vergi inzibatçılığı prinsiplərinə uyğun olaraq, vergi intizamına riayət edən və aşağı risk səviyyəsinə malik vergi ödəyiciləri üçün prosedurların sadələşdirilməsini, vergi orqanlarının inzibati resurslarının isə daha səmərəli və məqsədyönlü istifadəsini təmin etməyə yönəlib.

Yeni mexanizm dövlət və özəl sektor arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin dəstəklənməsi, eləcə də ixrac və sənaye potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Artıq ödənilmiş vergi məbləğlərinin daha çevik qaytarılması maliyyə planlaşdırmasını asanlaşdırır, dövriyyə vəsaitlərinin əlçatanlığını artırır, biznes fəaliyyətinin davamlılığına və investisiya imkanlarının genişlənməsinə müsbət təsir göstərir.

Vergi rəsmisi deyib ki, sadələşdirilmiş qaydada vergi məbləğlərinin geri qaytarılması mexanizmindən yararlanmaq üçün ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyiciləri müəyyən edilmiş uyğunluq meyarlarına cavab verməlidirlər. Belə ki, vergi ödəyicisinin müvafiq fəaliyyət və ya rezidentlik statusu təsdiqlənməli, o, riskli vergi ödəyicisi hesab edilməməli, eləcə də riskli vergi ödəyicilərindən elektron qaimə-faktura əsasında mal, iş və yaxud xidmət əldə etməməlidir.

Bununla yanaşı, vergi ödəyicisi barəsində davam edən səyyar vergi yoxlaması olmamalı, qanunvericiliklə müəyyən edilmiş qaydada bütün vergi bəyannamələri vergi orqanına təqdim edilməli, həmin bəyannamələr üzrə əlavə vergi hesablanmasına səbəb ola biləcək risklər müəyyən edilməməlidir. Digər mühüm meyar isə vergi ödəyicisinin bəyan etdiyi əməkhaqqı məbləğinin müvafiq orta aylıq əməkhaqqı göstəricisindən aşağı olmamasıdır.

F.Salahov vurğulayıb ki, müəyyən edilmiş meyarlara cavab verən ixrac fəaliyyəti ilə məşğul olan, sənaye və texnologiya parklarının rezidentləri olan vergi ödəyiciləri üçün artıq ödənilmiş vergi məbləğlərinin geri qaytarılması prosedurunun sadələşdirilməsi həm vaxt və resurslara qənaət edilməsinə, həm də vergi inzibatçılığının səmərəliliyinin artırılmasına şərait yaradır.

Ümumilikdə, yeni mexanizm vergi xidmətlərinin rəqəmsallaşdırılması, risk əsaslı inzibatçılığın inkişaf etdirilməsi, könüllü vergi əməletməsinin təşviqi və sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatların mühüm tərkib hissəsidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər