Banqladeş SOCAR ilə LNG tədarükünə dair danışıqlar aparır
Banqladeş və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı danışıqlar aparır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Banqladeşin energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud 31-ci Bakı Enerji Forumu zamanı bildirib.
İ.Mahmud xatırladıb ki, ölkəsində yeni Nazirlər Kabineti bu ilin fevral ayında vəzifəsinin icrasına başlayıb: "Biz dərhal korrupsiyaya qarşı mübarizəyə başladıq. Qarşımızda çoxsaylı vəzifələr dayanır. Daha sonra böhran baş verdi və biz son dərəcə çətin vəziyyətə düşdük. Bizim üçün yeganə əlçatan variant spot bazarına çıxış olub. Lakin məlum olduğu kimi, spot qiymətləri son dərəcə yüksəkdir. Bu, bizim qızıl-valyuta ehtiyatlarımıza ciddi yük yaradıb.
Bununla əlaqədar olaraq biz alternativ tədarük mənbələrinin, ilk növbədə kəskin qiymət dalğalanmalarından qaçmağa kömək edəcək mənbələrin axtarışı ilə məşğuluq. Artıq müəyyən perspektivli əlaqələrimiz qurulub. Xüsusilə də biz SOCAR şirkəti ilə benzin alışı üçün müqavilə bağlamışıq, həmçinin LNG tədarükü üzrə danışıqlar aparırıq. Çünki ölkəmizin mayeləşdirilmiş təbii qaza olan ehtiyacı olduqca böyükdür".
O qeyd edib ki, Banqladeş öz qaz ehtiyatlarına malikdir, lakin onlar daxili tələbatı ödəmək və elektrik enerjisi istehsalını təmin etmək üçün kifayət deyil: "Bununla əlaqədar olaraq biz günəş enerjisini də fəal şəkildə inkişaf etdirmək niyyətindəyik. Bundan əlavə, biz geoloji-kəşfiyyat işlərinin aparılmasına başlamışıq - şelf və quru sahələri üzrə tenderlər elan edilib. Hesab edirəm ki, şirkətlər tərəfindən maraq göstəriləcək və biz yataqların işlənməsinə başlaya biləcəyik, baxmayaraq ki, bunun üçün müəyyən vaxt tələb olunacaq".
Oxşar xəbərlər
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə təb...