Azərbaycanlıların bank qorxusu - SƏBƏBLƏR
Ötən ilin sonlarından başlayaraq Azərbaycanda əhalinin banklara olan etibarı aybay azalmaqdadır.
BAKU.WS anspress-ə istinadən xəbər verir ki, bəzi banklarda baş verən problemlərdən sonra sadə vətəndaşlar banklara depozit qoymaqdan çəkindikləri kimi, cari hesablarda pul saxlamaqdan da uzaq dururlar. Çünki bankda problem yaranan zaman Əmanətlərin Sığortalanması Fondundan sığortalanmış depozitləri almaq imkanı olsa da, cari hesablardakı pulları əldə etmək mümkün olmur. Problem yaranmış bankların ilk addımı hesabdan pulların çıxarılmasını dayandırmaq olur.
Bu ehtiyatlı davranış Mərkəzi Bankın (AMB) statistikasında da öz əksini tapıb. Statistikaya görə, əgər 2015-ci ilin dekabr ayında Azərbaycanın ev təsərrüfatlarının kredit təşkilatlarında yerləşdirdikləri əmanət və depozitlərinin toplam məbləği 9 milyard 473,9 milyon manat olubsa, bu, 2016-cı ilin mart ayında 7 milyard 888,9 milyon manata enib. Yəni 4 ayda 17% azalma müşahidə edilib.
Azalma xarici valyuta ilə qoyulmuş depozitlərə də sirayət edib. Əgər 2015-ci ilin dekabr ayında Azərbaycanın ev təsərrüfatlarının kredit təşkilatlarında xarici valyutada yerldəşdirdiyi müddətli əmanətlərin, yəni depozitlərin toplam məbləği 6 milyard 853,4 milyard manat olubsa, 2016-cı ilin dekabr ayında bu, 5 milyard 367,2 milyon manata düşüb. Yəni əhali bankın verdiyi faizlərdən belə imtina edərək xarici valyutanı, yəni dolları evində saxlamağa üstünlük verib. Beləliklə, sözügedən 4 ayda dollar depozitləri üzrə azalma daha sürətli olub və 23% təşkil edib.
İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyinin (İB) eksperti, "İqtisadi forum" jurnalının baş redaktoru Samir Əliyev ANS PRESS-ə müsahibəsində əhalinin qorxusunun banklardan qaynaqlandığını bildirib: "Əhalini qınamaq olmaz, iki ay ərzində altıya yaxın bank bağlandı. Təbii ki, müştərilər hesablarda olan pulları ala bilmədi. Bir neçə işləyən bankın da oxşar problem yaşaması əhalini qorxutdu".
Samir Əliyevin fikrincə, dollar depozitlərinin azalmasının ikinci səbəbi güclü bankların xarici valyuta ilə qoyulan əmanətlərə çox aşağı faiz gəliri təklif etməsi ilə bağlıdır: "Bu depozitlərə 1-2%, bəzən hətta 0,75% illik gəlir təklif edilir. Təbii ki, belə olan şəraitdə heç kim valyutanı depozit kimi banka verməz. Banklar özləri də xarici valyuta ilə depozit cəlb eləmək istəmirlər. Çünki əllərində 14 milyard dollarlıq yerləşdirə bilmədikləri vəsait var. Ümumiyyətlə, Azərbaycan bankları xarici vəsaitlər də daxil olmaqla müxtəlif mənbələrdən 24 milyrd dollar vəsait cəlb ediblər. Bunun yalnız 10 milyard dollarını kredit kimi yerləşdirə biliblər. Qalan 14 milyard dollar vəsait üçün faizlərin hardan tapılacağı problemdir".
Təbii ki, kreditləşmənin aşağı səviyyədə olması ölkədə iş fəallığının da aşağı düşməsinə səbəb olur, ticarətə və istehsalatın əksər sektorlarına mənfi təsir edir. Samir Əliyev Azərbaycanda kreditləşmənin, uyğun olaraq iş fəallığının, həmçinin əhalinin banklara olan inamının artırılması üçün təcili tədbirlər görülməsini vacib sayır. Onun sözlərinə görə, görüləcək birinci tədbir manatla əmanətlərin etibarlılığını artırmaq olmalıdır: "Bu istiqamətdə ilk addımlar artıq atılıb, 3 il müddətinə əmanətlərə 100%-lik zəmanət hüququ verilib. Amma zəmanət verilən əmanətlərin maksimum dərəcəsi kimi 12% götürülüb, bu dərəcəni 15%-ə qaldırmaq lazımdır".
Ekspertin sözlərinə görə, bu istiqamətdə ikinci addım kimi əmanətlərin faiz gəlirlərinin məzzənnə dəyişməsindən sığortalanması olmalıdır: "Məsələn, dövlət belə bir zəmanət ver bilər ki, məzənnə 5%-dən artıq dəyişərsə, manatla əmanət qoymuş müştəriyə dəyən zərəri ödəyəcək. Bu, isğtənilən halda banka əmanətçi axını yarada bilər. Loru dillə deyilsə, banka 15 faizlə depozit qoymuş müştəri ən azı 10 faiz gəlirə ümid edə bilər".
Samir Əliyev ölkədə kreditləşdirmənin dirçəldilməsi üçün Mərkəzi Bankın kommersiya banklarına hazırda 7%-ə bərabər olan uçot dərəcəsi ilə kreditlər verməsini də vacib sayır: "İndiyə kimi belə kreditlərdən yalnız bir neçə bank yararlana bilirdi. Amma əksər banklar üçün bu imkan yaradılmalıdır. Banklar üçün bu vəsaitləri müştəriyə manatla kreditə verməyin heç bir qorxusu yoxdur və yaranan faiz fərqindən normal gəlir əldə edə bilərlər".
Manatla kreditləşdirmə yerli istehsal mallarına yönəldilərsə, bu, manipulyativ effekt verərək bir neçə sektorda paralel şəkildə dirçəliş yarada bilər. Bu üsulla yerli avtomobil, mebel və məişət texnikası istehsalını stimullaşdırmaq olar. Bu isə minlərlə yeni iş yerinin açılması ilə nticələnə bilər.
BAKU.WS
Oxşar xəbərlər
Dollar əmanətləri ilə bağlı unikal təklif
"Son bir ildə kəskin dollarlaşma müşahidə edilən ölkəmizdə xarici valyutanın depozitlərdə və o cümlədən kredit portfelində payı hiss edilən dərəcədə artıb. 21 m...