Azərbaycanda pensiya ilə bağlı vacib toplantı

Azərbaycanda pensiya ilə bağlı vacib toplantı
İqtisadiyyat 1661

 

Sığorta-pensiya sistemində yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə dair konfrans keçirilib.

BAKU.WS-in DSMF-yə istinadla verdiyi məlumata görə, sığorta-pensiya sistemində əmək pensiyalarının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə normativ hüquqi sənəd layihələrinin müzakirə olunduğu tədbirdə beynəlxalq təşkilatların və Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiyyətli nümayəndələriiştirak ediblər.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.

Bunun üçün əsas prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunub. Konsepsiyanın mühüm əhəmiyyətindən bəhs edən E.Mehdiyev bildirib ki, əlavə pensiya təminatı imkanlarının yaradılması məqsədilə könüllü sosial sığortanın tətbiqi pensiya islahatlarının əsas vəzifələrindən biri kimi çıxış edir.

Könüllü sosial sığortalanma əsasında əmək pensiyalarının yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan islahatların həyata keçirilməsi mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır. Bu isə beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri edib.

Bu sahədə qəbul ediləcək qanunvericilikdə könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, toplanan vəsaitlərin və onların dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat təminat mexanizmlərinin formalaşdırılması və səmərəli idarəetmənin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmalıdır.Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqi reallaşdırılmalıdır.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Malena Mard Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan layihənin Azərbaycanın sığorta-pensiya sahəsində aparılan islahatlara öz töhfəsini verəcəyinə əminliyini bildirib. Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs öz çıxışında əmək pensiyalarının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının inkişafının vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib. Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə fəal əməkdaşlıqdan bəhs edən Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel respublikamızda pensiya islahatlarının vətəndaşların rifahının yüksəldilməsində vacib önəmini vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev çıxış edərək, ölkəmizdə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldiyini və bu sahənin mühüm istiqamətlərindən biri kimi pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında yenidən qurulduğunu qeyd edib. Ölkəmizdə əldə olunan dinamik iqtisadi inkişafın sosial rifah amilinin güclənməsi, əmək və sosial hüquqların təkmilləşməsi ilə müşahidə olunduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev öz çıxışında işçilərin əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin daha səmərəli şəkildə qurulmasına, onların gələcək sosial təminat hüququnun dolğun şəkildə reallaşmasına yönələn islahatlardan ətraflı bəhs edib.

Sonra layihə rəhbərləri, Latviyanın rifah nazirinin müavini İngus Alliks və Almaniyanın Əmək və sosial işlər Nazirliyinin nümayəndəsi Natali Belorgey çıxış edərək layihə çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Tədbirin davamında Almaniyanın Əmək və sosial işlər Nazirliyinin eksperti Heinz-Dietrich Steinmeyer Azərbaycan Respublikasında pensiya sisteminin əsasları mövzusunda təqdimatla çıxış edib. Növbəti çıxış edən Latviyanın Rifah Nazirliyinin Sosial sığorta departamentinin direktoru Jana Muizniecenin təqdimatı əmək pensiyasının yığım hissəsinin tətbiqinə dair normativ hüquqi sənəd layihəsində öz əksini tapmış məsələlərə həsr olunub. Almaniya Federativ Respublikasının Vestfaliya Pensiya Sığorta Fondunun regional meneceri Thorsten Diepenbrock öz çıxışında əmək pensiyasının yığım hissəsinin tətbiqinin hüquqi aspektlərinə toxunub.

Daha sonra Latviyanın SEB Bankının Pensiya Fondunun baş icraçı direktoru, Latviya Bank Assosasiyalarının Özəl Pensiya Komitəsinin rəhbəri Dace Brencena təqdimatla çıxış edərək tədbir iştirakçılarını qeyri-dövlət pensiya institutlarının yaradılması və fəaliyyətinə dairnormativ hüquqi sənəd layihəsinin təfərrüatları ilə tanış edib. Növbəti nümayiş etdirilən təqdimatda Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçotunun təşkili şöbəsinin müdiri Nigar Pənahova könüllü sosial sığortalama məqsədləri üçün fərdi uçotun tətbiqinin əhəmiyyəti və aktual məsələlərindən bəhs edib. Tədbirin davamında Latviya respublikasının Rifah Nazirliyinin ekspertləri Harjis Svarcs və Yeva Ose əmək pensiyasının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətində vəsaitlərin idarə edilməsininvə dövlət nəzarətinin aspektləri mövzusunda geniş təqdimatlar ediblər.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər