Azərbaycan neftinin qiyməti düşdü
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,42 ABŞ dolları və ya 0,46% ucuzlaşaraq 91,51 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,39 dollar və ya 0,44% ucuzlaşaraq 88,11 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,57 dollar və ya 0,88% azalaraq 64,32 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,47 dollar və ya 0,53% azalaraq 88,53 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, xam neftin qiyməti cümə axşamı bir barel üçün 82 dollardan aşağı düşərək, Yaxın Şərqdə diplomatik irəliləyiş əlamətləri fonunda ardıcıl dördüncü sessiyada ucuzlaşıb.
Bildirilib ki, İran və Oman Hörmüz boğazının suları və bununla bağlı gəlirlər üzrə hər bir ölkənin payına dair razılığa gəlib.
"Bununla belə, Tehran mühüm su yolunun yenidən açılmasının Omanla əldə olunan razılaşmadan daha çox şey tələb edəcəyini bildirib.
ABŞ Prezidenti Donald Tramp isə çərşənbə axşamı 10 milyon barel neftin Hörmüz boğazından keçdiyini deyib və su yolundakı minaların təmizləndiyi barədə əvvəlki iddialarını təkrarlayıb.
Neft qiymətlərinə bu həftə ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni iqtisadi sanksiyaların bazarların gözlədiyindən daha yumşaq olması da təzyiq göstərib. Ağ Ev hələlik İranın ticarət tərəfdaşlarına qarşı daha sərt tədbirlər tətbiq etməkdən çəkinir.
Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada eskalasiyanı artırmağı planlaşdırdığı barədə məlumatlar yayılıb. Bu isə qlobal enerji təchizatı ilə bağlı riskləri gündəmdə saxlayır", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslər vergi və gömrük rüsumundan azaddır - 2033-cü ilədək...
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2033-cü il yanva...