Vətəndaşlara güzəştli kredit və texnikanın verilmə ŞƏRTLƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında müvafiq fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, ölkə başçısının fərmanı ilə kənd təsərrüfatı ilə bağlı güzəştli texnikaları təkcə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti deyil, digər qurumlardan da almaq mümkündür.
Əvvəllər “Aqrolizinq” ASC yeganə təchizatçı şirkət idi. Sahibkarlar yalnız bu cəmiyyətdən texnika almaqla güzşətli şərtlərdən yararlana bilirdilər. Vətəndaşlar “Aqrolizinq” ASC-yə müraciət edərək istədiyi texnikanı əldə edir, texnikanın qiymətinin 20%-ni ödəniş edir, qalan hissəsini isə 10 il müddətinə kreditlə əldə edirdilər. 20 faiz ödəniş edildikdən sonra texnikanın qiymətinin 40 faizi onlara güzəşt olunurdu.
Aqrar Kredit və İnkişaf Agentliyindən BAKU.WS-ə daxil olan məlumata görə, hazırda bütün təchizatçı və istehsalçı şirkətlər texnikaların satışını güzəştli yolla həyata keçirə bilir. Respublikada nə qədər texnikalar satılırsa, onların ilkin dəyərinə 40 faiz güzəşt tətbiq olunur. Vətəndaş istədiyi yerə yaxınlaşır, onlar arasında texnikanın alınması ilə bağlı alqı-satqı gedir, bundan sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət olunur. Həmin texnikanın ilkin dəyərinə agentlik tərəfindən dövlət vəsaiti hesabına 40 faiz güzəşt tətbiq olunur. Misal üçün, vətəndaş 100 min AZN-ə texnika alıbsa, 40 min AZN texnikanı satan şirkətə ödənilir. Burada texnikanı satan şirkət heç nə itirmir, eyni zamanda vətəndaş da 40 faiz ucuz texnika əldə edir.
Qeyd edək ki, ağır texnikaların əldə edilməsi zamanı vətəndaşlar üçün xüsusi prosedur mövcud deyil. İstənilən vətəndaş ona uyğun olan texnikanı almaqla dövlətin təklif etdiyi 40 faiz güzəştdən yaralana bilər. Sadəcə olaraq texnika yeni olmalıdır. Eyni zamanda güzəştli şərtlərlə əldə olunan texnikaların tikinti sektorunda istifadəsinə icazə verilmir. Vətəndaş ağır texnikanı yalnız kənd təsərrüfatı sektorunda istifadə edə bilər. Əgər monitorinq zamanı məlum olsa ki, texnika tikinti sektorunda istifadə edilib, bu halda güzəştli şərtlər ləğv olunur.
Aqrar Kredit və İnkişaf Agentliyi eyni zamanda sahibkarlıq subyektlərinə güzəştli kreditlər verir. Həmin kreditlərin verilmə müddəti, miqdarı və şərtləri belədir:
5 000 manatadək - mikrokreditlər;
5 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər;
30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər;
100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər;
1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.
Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir:
mikrokreditlər üçün - 2 ilədək;
kiçik və ortahəcmli kreditlər üçün - 3 ilədək;
irihəcmli kreditlər üçün - 5 ilədək.
Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir:
mikrokreditlər üçün - 12 ayadək;
kiçik və ortahəcmli kreditlər üçün - 18 ayadək;
irihəcmli kreditlər üçün - 24 ayadək.
Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir.
Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir.
Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq kredit müqaviləsinə uyğun olaraq hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər.
Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı
№ | Kənd təsərrüfatı texnikasının təyinatı | Texnika və texnoloji avadanlıqlar |
1 | Traktor və ekskavator (təkərli və tırtıllı) | 1.1. Ümumi təyinatlı kənd təsərrüfatı traktoru 1.2. Xüsusi təyinatlı kənd təsərrüfatı traktoru 1.3. Universal becərmə traktorları 1.4. Minitraktor 1.5. Yükləyici ekskavator |
2 | Torpaq hazırlama və becərmə texnikası | 2.1. Kotan 2.2. Riper 2.3. Kultivator 2.4. Mala 2.5. Daştəmizləyən və ya daşxırdalayan 2.6. Çalaqazan 2.7. Bitki qalıqlarını xırdalayan 2.8. Kanalaçanlar və suvarma şırımı açan 2.9. Tirədüzəldən 2.10. Çoxillik meyvə, giləmeyvə və çay bitkilərinin çətirinin yaş və quru budanmasında istifadə edilən texnika |
3 | Səpin və əkin texnikası | 3.1. Toxumsəpən 3.2. Kombinəedilmiş toxumsəpən aqreqat 3.3. Şitiləkən 3.4. Kartofəkən 3.5. Meyvə tingi əkən maşın və qoşqu 3.6. Şitil hazırlayan konveyer |
4 | Biçin və yığım texnikası, maşın və qoşquları | 4.1. Dənli bitkiləri biçən kombayn və xeder 4.2. Pambıqyığan kombayn, maşın və qoşqu 4.3. Şəkərçuğunduru yığan kombayn, maşın və qoşqu 4.4. Kartofyığan kombayn, maşın və qoşqu 4.5. Tərəvəzyığan kombayn, maşın və qoşqular 4.6. Bağçılıqda istifadə olunan kombayn və yığım maşını (platforma) 4.7. Bitkilərin yerüstü kütləsinin biçilməsində və yığılmasında istifadə edilən texnika 4.8. Traktor qoşqusu (yedək) 4.9. Xüsusi təyinatlı qoşqu (heyvandaşıyan, dərman və gübrə daşıyan, rulon pres daşıyan, müxtəlif təyinatlı çənlər) |
5 | Gübrəsəpən və hazırlayan maşın, avadanlıq və qoşqular | 5.1. Bərk mineral və üzvi gübrəsəpən 5.2. Maye mineral və üzvi gübrəsəpən 5.3. Üzvi gübrə hazırlayan maşın və avadanlıq |
6 | Bitki mühafizəsi maşın və avadanlığı | 6.1. Çiləyici 6.2. Tozlayıcı 6.3 Toxumdərmanlayan |
7 | Suvarma sistemləri dəsti və avadanlığı | 7.1. Pivot tipli suvarma sistemi 7.2. Damcılı və yağış yağdırma tipli suvarma sistemi 7.3. Barabanlı (tamburlu) suvarma sistemi |
8 | İlkin emal avadanlığı | 8.1. Taxılyükləyən 8.2. Toxumqurudan 8.3. Qərzəkli meyvə təmizləyən maşın 8.4. Məhsulun və toxumun təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün maşın 8.5. Meyvə, tütün, çay və digər kənd təsərrüfatı məhsullarını qurudan maşın, avadanlıq və qurğular |
9 | Heyvandarlıqda və quşçuluqda istifadə olunan texnika, maşın, avadanlıq, aqreqat və qurğular | 9.1. Süd sağım avadanlıq və aqreqatları 9.2. Qırxım aqreqatları 9.3. Üzvi gübrə separatorları 9.4. Fermanı üzvi tullantılardan təmizləyən avadanlıq 9.5. Qaşıma fırçası 9.6. Heyvan saxlanılan qurğu və avadanlıq 9.7. Quş qəfəsləri 9.8. İnkubator dəstləri |
10 | Yem istehsalında, tədarükündə və yemləmədə istifadə olunan maşın, avadanlıq və texnika | 10.1. Otbiçən kombayn və maşın 10.2. Senaj və silos hazırlanmasında istifadə olunan kombayn və qoşqu 10.3. Dırmıq 10.4. Yığıb-presbağlayan və presi polietilen örtüyə bükən maşın 10.5. Yükləyici 10.6. Otçevirən, yandırmıqlı və samanqarışdıran texnika 10.7. Asılan, qoşulan və özüyeriyən tipli xırdalayıcı, qarışdırıcı və paylayıcı 10.8. Yem istehsal edən texnoloji avadanlıq |
11 | İnnovativ texnika və texnoloji avadanlıq | 11.1. Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş dronlar, robot texnikası və ağıllı idarəetmə üzrə texnoloji avadanlıq 11.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin layihələrində istifadə olunan kənd təsərrüfatı təyinatlı innovativ texnika və texnoloji avadanlıqlar |
12. | Kənd təsərrüfatı məhsullarının saxlanması üçün istifadə olunan avadanlıq | 12.1. Meyvə-tərəvəz və kartof üçün soyuducu anbar dəstləri 12.2. Soyuducu anbar üçün texnoloji avadanlıqlar 12.3. Heyvandarlıq məhsullarının saxlanması üçün avadanlıq və soyuducular |
Oxşar xəbərlər
Bu şəxslərin kredit borcları silindi - Ekspertlər DETALLARI AÇDI
"Bu qərar bizi narahat edən əsas sosial məsələlərin birinin həlli deməkdir".Bu açıqlamanı iqtisadçı ekspert Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib. Onu...