VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“2015-ci ildən bəri pambıq istehsalı 8,2 dəfə artıb. Bu günədək 100 min hektar sahədən 294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib. Əkin sahəsi ötən ilə nisbətən 32 min hektar azalsa da, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb”.

BAKU.WS azərtaca-a istinadən xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

Nazir qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu pambıqçılıq ənənələri son illər yüksək templə inkişaf etdirilərək əvvəlki şöhrətini bərpa etməkdədir. 2018-ci ildə Ağdam, Beyləqan və Zərdab rayonlarında əlavə üç, cari ildə Bərdə rayonunda bir pambıq qəbulu məntəqəsi tikilib, müvafiq avadanlıqlarla təchiz edilib. Mövsüm ərzində bu məntəqələr tərəfindən 8 min ton xam pambıq qəbul olunub. Ucar rayonunda illik istehsal gücü 40 min ton olan pambıq emalı zavodu, saatda 1,5 ton lifsiz pambıq toxum istehsalı gücünə malik zavod istifadəyə verilib, gündəlik 200 ton pambıq çiyidini emal etmək gücünə malik zavodda tamamlanma işləri getməkdədir.

İnam Kərimov əlavə edib ki, Prezident İlham Əliyev məhsuldarlığın yüksəldilməsini qarşıya hədəfi qoyub. Aparılan təhlillər göstərir ki, 2018-ci ildə 30 sentnerdən çox məhsul götürən 3096 fermer vardısa, 2019-cu ildə bu rəqəm iki dəfədən çox artaraq 7110 fermer təşkil edib. 7110 fermer tərəfindən yığılmış pambıq ümumi istehsalın 39 faizini təşkil edir. Bu məhsulun 29,5 min hektar sahədən yığıldığını nəzərə alsaq, hektardan orta məhsuldarlıq 39 sentnerdir. 2019-cu ildə 50 sentnerdən artıq məhsul götürən fermerlərin sayı 953 olub. 2018-ci illə müqayisədə hesabat ilində fermerlərin əldə etdikləri gəlirlərin ümumi həcmi 45 milyon manatdan çox artıb.

“Eyni zamanda pambıqçılığın inkişafında müasir texnologiyalardan istifadə vacib sayılır. Bu il Ucar rayonunda Çin texnologiyası və Beyləqan rayonunda türk texnologiyası əsasında pambıq istehsalı üzrə pilot layihələr həyata keçirilib. Çin texnologiyası ilə hər hektardan 60 sentner, türk texnologiyası ilə isə 58 sentner xam pambıq istehsal olunub. Gələn il pambıqçılıqla məşğul olan bütün şirkətlər yeni texnologiyaların tətbiqini Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə genişləndirəcəklər”, - deyə nazir bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə qarşıya yeni hədəflər qoyub və bu hədəflərə nail olmaq üçün tədbirlər davam etidiriləcək.

Bundan başqa, nazir vurğulayıb ki, bu Prezidentin iştirakı ilə Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı olub. İnstitutun və yeni kompleksin məqsədi kənd təsərrüfatı fəaliyyətlərinin elektronlaşdırılmasını, məlumatların elektron qaydada tərtib edilərək araşdırılmasını təşkil etməkdən ibarətdir. İnstitut və onun tabeli qurumları tərəfindən tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki kömək göstərilməsi, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasının öyrənilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə metodiki rəhbərlik həyata keçirilir. İstixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğunun standartlara uyğun təşkili nəzərdə tutulur.

Bununla yanaşı, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə respublika ərazisində toxumçuluğun inkişaf etdirilməsi məqsədilə 5 rayonda dənli bitki toxumlarının emalı zavodunun tikintisi həyata keçirilib. Daha belə bir zavod İsmayıllı rayonunun İvanovka kəndində inşa edilir. Bu zavodların inşası və istifadəyə verilməsi fermerləri yüksək keyfiyyətli, sertifikatlaşdırılmış toxumlarla təmin etməyə imkan verəcək.

İnam Kərimov əlavə edib ki, kənd təsərrüfatı infrastrukturun müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsi gələn il də davam etdiriləcək. 2020-ci ildə Ağstafa rayonunda yaradılmış “Dilbaz” atçılıq təsərrüfatı üçün yeni atçılıq kompleksinin inşası başa çatdırılaraq istifadəyə veriləcək. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati-laboratoriya binasının, Baytarlıq Klinikasının, Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda iri və xırdabuynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisinə başlanılıb. Qobustan rayonunda Heyvandarlıq Nümayiş Kompleksinin tikintisi də davam edir və kompleks gələn il istifadəyə veriləcək.

Eyni zamanda, Şamaxı rayonunda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fillokseraya davamlı calaq-üzüm əkin materialının istehsalı üçün calaq kompleksi inşa olunduğunu deyən İ.Kərimov bildirib ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min baş arı ailəsindən ibarət Arıçılıq Kompleksinin inşası nəzərdə tutulur. Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər davam etdirilir. Universitetin yeni tədris korpusunun və Peşə Məktəbinin inşası başa çatmaq üzrədir. Növbəti il müxtəlif təyinatlı sort-sınaq məntəqələrinin də inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.

“2020-cu ildə qarşımızda aqrar sahənin dayanıqlı inkişafına ciddi təsir edə biləcək çoxsaylı vəzifələr durur. Qeyd etdiyim kimi, 2020-ci ildə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin, yeni subsidiya mexanizminin və aqrar sığorta sisteminin tətbiqi istiqamətində mühüm işlər həyata keçiriləcək. Bundan başqa qarşımızda kənd təsərrüfatının bütün sahələrində intensiv inkişafı təmin etmək, məhsuldarlığı, ixrac potensialı yüksək olan kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq kimi vəzifələr var”, - deyə nazir əlavə edib.

 

BAKU.WS