Azərbaycanda İLK: Rəngli pambıq yetişdirilib - FOTO

Azərbaycanda İLK: Rəngli pambıq yetişdirilib - FOTO
Video 897

Azərbaycanda təcrübə məqsədilə ilk dəfə yetişdirilən rəngli pambığın yığılmasına başlanılıb.

BAKU.WS xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Məhərrəm Əliyev AZƏRTAC-a bildirib ki, Çindən gətirilən rəngli pambığın çiyidi bir qədər gec - iyun ayının əvvəlində əllə səpilib.

Vegetasiya dövrü az olan bu pambıq yerli pambıqlarla eyni vaxtda bar verib. Mahlıcı zərif olan pambıq xına rəngi və bir qədər açıq rəngdədir. Məhsuldarlıq qənaətbəxşdir. Hər hektardan 45-50 sentner məhsul gözlənilir.

Yığılan məhsul Gəncə Aqrar Elm Mərkəzində təmizlənərək çiyid mahlıcdan ayrılacaq və respublikada bu pambıq sortunun çoxaldılması üçün toxumluq məqsədilə istifadə ediləcək. Növbəti ildə 5 hektarda rəngli pambığın becərilməsi nəzərdə tutulur.

Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təcrübə sahələrində 3 hektarda becərilən qiymətli strateji bitki olan soyanın da yığımı həyata keçirilir.

Mərkəzin direktoru Məhərrəm Əliyev bildirib ki, soya tərkibindəki zülal və yağın zənginliyinə görə əvəzedilməz bitkidir. Həm ərzaq, həm də yem bitkisi kimi mühüm əhəmiyyət kəsb edən soya bitkisinin əkinlərinin çoxaldılması vacibdir. Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir. Bu bitki havada olan sərbəst azotu fiksasiya edərək, torpağın münbitliyinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

BAKU.WS

Son xəbərlər