VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları” (AZAL) və Azərbaycan Milli Paralimpiya Komitəsi (ARMPK) əməkdaşlıq haqqında saziş imzalayıb.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməkdaşlıq "Azərbaycan Hava Yolları”nın uçuşlar həyata keçirdiyi istiqamətlər üzrə beynəlxalq idman çempionatları və dünya kuboklarına idmançıların transferi, idman avadanlıqlarının daşınmasının əlavə rüsumlardan azad edilməsi, həmçinin əhali arasında paralimpiya idmanının təşviqi üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində AZAL sentyabr 7-dən 18-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək 2016 Yay Paralimpiya Oyunlarına idmançıların uçuşlarını təşkil edəcək. 2016 Paralimpiya Oyunlarının mükafatçılarına AZAL-ın istənilən istiqamətlərinə bir il müddətinə etibarlı olan pulsuz biletlər təqdim olunacaq.

"Paralimpiya oyunları ölkəmizdə idmanın inkişafında vacib və ictimai əhəmiyyətli hadisədir. İdmançılarımıza dəstək olmaq bizim üçün böyük şərəfdir”, - deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.

ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov deyib: "Paralimpiya oyunları fiziki imkanları məhdud idmançılar üçün ən mötəbər yarışlardan biridir. Bu oyunlara seçimlər təkcə milli yox, həm də beynəlxalq yarışlar çərçivəsində keçirilir. "Azərbaycan Hava Yolları”nın dəstəyi ölkəmizdə paralimpiya idmanının inkişafına böyük töhfə verəcək”.
 
BAKU.WS