VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu ildən etibarən Azərbaycanda spirtli içkilərin satışında tətbiq olunan yeni qaydalar insanlar arasında çaşqınlıq yaradıb.

BAKU.WS-in məlumatına görə, bir çox mağaza və dükanlardan spirtli içkilər yığışdırılıb. Bəzi mağazalarda isə satıcılar bu məhsulları gizlincə satmağa başlayıblar. Onlar tanımadıqları adamlara araq və digər spirtli içki satmağa qorxurlar. Bununla da, bazarda müəyyən xaos yaranıb. Baş verənlərin isə bircə səbəbi var. Çoxları qəbul edilən qərar barədə ətraflı tanış deyillər.

Vergilər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirdilər ki, qəbul edilən qayda əslində çox bəsitdir. Belə ki, spirtli içkilərin ölkə ərazisində dövriyyəsinin tənzimlənməsində yeni qaydaların tətbiq edilməsində əsas məqsəd büdcəyə əlavə vergilərin cəlb olunmasından daha çox əməliyyatların şəffaflığının təmin edilməsi və nağdsız ödənişlərin stimullaşdırılmasıdır.
 
Aksiz markası ilə markalanmalı olan mallar yalnız müəyyən şərtlərə əməl olunduğu təqdirdə, alınıb-satıla bilər. Bu zaman vergi ödəyicisində həmin malların satışını təsdiq edən ciddi uçot blankları, qaimə-fakturalar olmalı və satış yalnız nağdsız qaydada həyata keçirilməlidir.
 
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sözügedən qaydaların tətbiq olunmasına və onlara əməl edilməsinə, müvafiq icra orqanlarının qoyduğu tələblərin yerinə yetirilməsinə nəzarət vergi orqanlarının səlahiyyətinə aid edilib.
 
Vergi əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanun pozuntuları aşkar edilərsə, vergi ödəyicilərinə münasibətdə ya İnzibati Xətalar, ya da Cinayət Məcəllələrində müəyyən olunmuş cəzalar tətbiq ediləcək.
 
Bununla paralel olaraq, Cinayət Məcəlləsində bütövlükdə aksizli malların alğı-satqısı ilə bağlı edilmiş dəyişikliyə əsasən, aksiz malları ilə markalanmalı olan mallara saxta aksiz markalarının yapışdırılması, saxta aksizli malların satılması, saxlanması, satış məqsədilə alınması cinayət məsuliyyətinə səbəb olur və bu əməllərə yol vermiş şəxslər 1000 manatdan 2 min manatadək cərimə, 2 ilədək islah işləri və ya 3 ilə qədər müddətdə azadlıqdan məhrumedilməcəzası ilə cəzalandırılır.
 
Bundan başqa,  əgər vergi orqanları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı vergi ödəyicisində saxta aksiz markası yapışdırılan mallar aşkar olunarsa o zaman bu məsələ araşdırılacaq. Əgər mağaza sahibi vergi orqanlarına həmin malları kimdən aldığını göstərən ciddi hesabat blanklarını, qaimə-fakturaları təqdim edərsə, o, cinayət məsuliyyətinə cəlb olunmayacaq.
 
Hazırda spirtli içkilərin plastik kartlarla satışı üçün Azərbaycanda lazım olan hər bir şərait mövcuddur. Ölkədə 6 milyona yaxın plastik kart, 84 mindən çox POS-terminal var. POS-terminalı olmayan obyektlərin müraciəti əsasında orada dərhal pulsuz olaraq POS-terminal quraşdırlır.
 
İctimai iaşə müəssisələrində, kafe və restoranlarda isə ödənişlərin həm kartla, həm də nağd qaydada aparılması mümkündür, çünki alkoqollu içkilər burada menyuya daxil edilir və qablaşdırılmış şəkildə (şüşələrdə) satılmır.
 
Məlum qərarın 50 manatadək qiyməti olan siqaret və ya spirtli içkilərə aid olub olmamasına gəldikdə isə nazirlikdən bildirilib ki, aksiz markaları ilə markalanmalı olan malların, tütün məmulatlarının satışı istisna olmaqla, az miqdarda, yəni 50 manatadək nağd satışı və yaxud satış məqsədilə nağd qaydada alınması inzibati tənbeh tədbirinin görülməsi üçün əsasdır. Bu halda, vergi ödəyicisinə inzibati sanksiyalar tətbiq olunur və o, 100 manat miqdarında cərimə edilir. Aksiz markaları ilə markalanmalı olan malların, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, xeyli miqdarda və külli miqdarda satılması və ya satış məqsədilə alınması artıq cinayət məsuliyyəti yaradır.
 
Məbləğ xeyli miqdarda - yəni 50 manatdan 1000 manata qədər olduqda, belə hallara yol verən şəxslər 1000 manatdan 2 min  manata qədər cərimə olunacaqlar və ya bir ilədək müddətdə islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılacaq.
 
Aksiz markası ilə markalanmalı olan malların nağd qaydada alış-verişi külli miqdarda yəni, 2 min manat və daha çox  məbləğdə həyata keçirilərsə, bu zaman daha ciddi cəzalar - 2 ilədək islah və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaqdır.
 
Bundan başqa, Vergi Məcəlləsinə əlavə edilmiş yeni 50.1.9-cu maddə ilə Azərbaycan Respublikasının ərazisində aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi məqsədilə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət dövlət vergi orqanlarına həvalə edilib.

Ölkə başçısının 2015-ci il 7 dekabr tarixli Fərmanı ilə "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” da təsdiq edilib. Bu qaydalara əsasən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları aksiz markaları ilə markalanmalı olan mallara aid edilib.
 
Həmin malların istehsalı, idxalı və ya satışı bu malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə olunmasını təsdiq edən sənədlər mövcud olduqda, malların təqdim edilməsi ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə (istehsalçılar tərəfindən həmçinin elektron vergi hesab-fakturası ilə) markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılması, idxalı və ya təqdim edilməsinə icazə verilir.
 
Burada fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilməsi halları istisna təşkil edir. Markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyəri yalnız nağdsız qaydada ödənilməlidir. Başqa sözlə bu malların nağd qaydada satışı qadağandır.
 
Qaydalarda, həmçinin markalanmalı malları istehsal edən, idxal edən, satan və alan şəxslər tərəfindən həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədlərin bu sahədə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına onların tələbi ilə təqdim edilməsi də nəzərdə tutulub.
 
Saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış malları əldə etmə, saxlama və ya satma cinayət əməli kimi müəyyən edilib.

BAKU.WS