Azərbaycanda bəzi məhsulların nağd satışı qadağan edilir
"Dünya praktikasında ən doğru vergiqoyma mexanizmi əldə olunan gəlirlərə qoyulan vergilərdir. Hər kəs özünün qazandığı, əldə etdiyi gəlirlərə görə vergi ödəməlidir".
BAKU.WS məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib:
"Bildiyiniz kimi "İnzibati Xətalar Məcəlləsi"nə edilən yeni dəyişikliklərə əsasən 50 manata qədər aksiz markalı malların nağd alışına görə cərimə tətbiq ediləcək. Bu yalnız ticarət obyektlərindən alınan mallara şamil edilir. Restoran və kafelərdə açılaraq süzülmüş şəkildə sifariş edilən içkilərə aid deyil. Həmçinin, kimsə spirtli içki satmaq istəyirsə, gəlsin pulsuz post terminal alsın, müvafiq lisenziya alsın, sonra ticarətini həyata keçirsin. Vətəndaşlar isə içkiləri kredit, debit və digər ödəniş kartlarından istifadə edərək ala bilər. Plastik kartın var al iç, yoxdur içmə. Bu dəyişiklik vergi yükünü artırmaq deyil. Bizim məqsədimiz nağdsız ödəniş mədəniyyətini formalaşdırmaqdır. Bunu da vətəndaşlar üçün ən zərərli olan, spirtli içkilərdən başladıq. Tütün məmulatlarından istifadənin çoxluğunu nəzərə alaraq ilkin mərhələdə bu yenilik tütün məmulatlarına tətbiq olunmayacaq. Ancaq sahibkarlar tütün məmulatlarını da nağdsız ödənişlə alacaqlar".
Onun sözlərin görə, nağdsız ödəniş gələcəkdə digər istehlak məhsullarına da şamil edilə bilər:
"2016-cı ildə vətəndaşlar və vergi ödəyiciləri nağdsız qaydada ödəniş alətlərindən istifadə etməklə öz bizneslərini, şəxsi alış-verişlərini qurmaq bacarığına yiyələnəcəklər. Biz bunu bacarsaq, 2017-ci ildən nağdsız ödənişlərin arenasını genişləndirəcəyik. Sübut edəcəyik ki, nağdsız əməliyyatı aparmaqla şəffaf olmağı bacarırıq. Qarşıdakı illərdə də nağd ödənişlərin qadağan edildiyi siyahını artıracağıq”.
Natiq Əmirov həmçinin şou-biznes nümayəndələrinin vergi ödəməsi ilə bağlı məsələyə də aydınlıq gətirib:
"Dünya praktikasında ən doğru vergiqoyma mexanizmi əldə olunan gəlirlərə qoyulan vergilərdir. Hər kəs özünün qazandığı, əldə etdiyi gəlirlərə görə vergi ödəməlidir. Bunun üçün ən önəmli şərt gəlirlərin və xərclərin şəffaf uçotunun aparılmasıdır. Şou-biznes nümayəndələrinin əldə etdiyi gəlirlərin və xərclərin uçotu yoxdur. Bu insanlar istər obyektiv, istərsə də subyektiv səbəbdən bizə gəlir və xərclərinin uçotunu təqdim etmirlər. Biz toyları müşahidə edərək gəlirlərini hesablayıb vergi kəsə bilərik. Vergilər Nazirliyinin imkanı var ki, konkret bir müğənnini, musiqiçini götürsün nəzarətə, getdiyi bütün toyları müşahidə etsin və gəlirlərini hesablayib vergi tətbiq etsin. Amma bu ədalətli olacaqmı? Çünki biz onların xərclərini bilmirik. Biz onlara vergi uçotlarını qeydiyyata alıb təqdim etməyi təklif edirik. Amma növbəti illərdə bu uçotlar təqdim edilməsə, özümüz vergi kəsəcəyik".
Natiq Əmirov onu da qeyd edib ki, vergi toplamalarının 28-30 faizi neft sektoruna, 70-72 faiz isə qeyri-neft sektoruna aiddir.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən sahibkarlara xəbərdarlıq: "Əgər vergini ödəməsəniz..."
"Çox təəssüf ki, bizim bəzi ticarət mərkəzlərində və içtimai iaşə obyektlərində malların alınması zamanı onun sənədləşdirilməsini sona qədər təmin edə bilmirlər...