Qətər ABŞ-dən 42 milyard dollarlıq hərbi texnika alacaq
Qətər ABŞ-dən 42 milyard dollar dəyərində hərbi satınalma həyata keçirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində Qətərdə yerləşən əl-Udeyd ABŞ hərbi bazasında çıxışı zamanı məlumat verib.
Tramp bildirib ki, əldə olunmuş razılaşmaya əsasən, Qətər THAAD ballistik raketdən müdafiə sistemi, Pegasus hava yanacaq doldurma təyyarələri və MQ-9B Skyguardian tipli pilotsuz uçuş aparatları da daxil olmaqla müxtəlif hərbi texnikalar alacaq.
Prezident həmçinin ABŞ-nin əl-Udeyd bazasının genişləndirilməsi üçün Qətərin 10 milyard dollarlıq əlavə investisiya yatıracağını açıqlayıb və bu ölkə ilə müdafiə sahəsində sıx əməkdaşlıq etdiklərini vurğulayıb.
Tramp çıxışında qeyd edib: "Daha əvvəl dediyim kimi, ABŞ ordusu üçün misli görünməmiş şəkildə 1 trilyon dollarlıq büdcə təsdiqləyəcəyəm."
ABŞ lideri prezidentliyinin ikinci dövründə 10 trilyon dollar sərmayə cəlb etməyi planlaşdırdığını da deyib və bunun ölkənin müdafiə büdcəsinin daha da artırılmasına imkan verəcəyini qeyd edib.
Oxşar xəbərlər
Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp təxminən 60 ölkədən olan mallara 10 %-dən 12,5 %-dək yeni rüsumlar tətbiq etməyə hazırlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir...