Kanada ABŞ məhsullarına qoyulan qadağanı müvəqqəti dayandırıb

Kanada ABŞ məhsullarına qoyulan qadağanı müvəqqəti dayandırıb
Dünya 31

Kanadanın ən böyük əyaləti olan Ontario-da ABŞ məhsullarının, o cümlədən spirtli içkilərin istifadəsinə qoyulan qadağa müvəqqəti olaraq dayandırılıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Ontario Baş naziri Daq Ford ABŞ-nin Kanada mallarına tətbiq etdiyi gömrük rüsumlarını 30 günlük müddətə dayandırması ilə bağlı açıqlama verib.

Ford X (keçmiş Twitter) sosial media hesabında paylaşım edərək ABŞ-nin qərarını müsbət qiymətləndirib:

"ABŞ-nin gömrük rüsumlarını dayandırması ilə biz də cavab tədbirlərinə ara veririk."

Bununla belə, Ford ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarını yenidən tətbiq etməsi halında Ontario Alkollu İçkilər Nəzarət İdarəsinin (LCBO) rəflərindən Amerika məhsullarını çıxarmaqda tərəddüd etməyəcəklərini bildirib.

O, həmçinin Kanada və ABŞ-ın əsas diqqətini Çinlə olan ticarət müharibəsinə yönəltməli olduğunu vurğulayıb:

"Əgər qalib gəlmək istəyiriksə, bir-birimizlə deyil, birlikdə mübarizə aparmalıyıq."

Bundan əvvəl Ford Ontario Alkollu İçkilər Nəzarət İdarəsinin hər il təxminən 1 milyard dollar dəyərində Amerika şərabı, pivəsi, spirtli içkiləri və mineral su satdığını, lakin artıq bu məhsulları satmayacaqlarını açıqlamışdı.

Eyni zamanda, Amerika məhsullarının mağazalardan yığışdırılacağını və kataloqdan çıxarılaraq stok edilməsinin dayandırılacağını bildirmişdi.

Bundan başqa, Kanada vətəndaşlarını yerli istehsalı dəstəkləməyə təşviq etmək üçün mağazalardan Kanada məhsullarının yanına Kanada bayrağı qoymalarını istəmişdi.

Son xəbərlər