İranda ABŞ ilə razılaşmanın əleyhinə çıxanlar kimlərdir?
"Vaşinqtonla Tehran arasında razılaşma əldə olunması və müvafiq sənədin tezliklə imzalanacağı barədə xəbər yayılan kimi, İran daxilində bu anlaşmanın əleyhinə olan qruplar hərəkətə keçdilər. Onlar ötən şənbə axşam saatlarında Tehrandakı İbn Sina meydanında bəzi millət vəkilləri ilə bərabər ABŞ ilə danışıqların gedişinə və mümkün razılaşmaya qarşı mitinq təşkil etdilər".
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Sonrakı günlərdə Tehranla yanaşı Məşhəd, Qum, Həmədan, Zəncan və digər şəhərlərdə də ABŞ ilə gözlənilən sazişə kəskin etiraz bildirən kütləvi aksiyalar baş tutdu və bu məsələ ölkə gündəminin əsas mövzusuna çevrildi. Aksiyalarda əsas tənqid hədəfləri ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən parlamentin sədri Məhəmməd Baqir Qalibaf, ölkənin xarici işlər naziri Abbas Əraqçı və qismən də Prezident Məsud Pezeşkian idi. Xüsusən Abbas Əraqçı barədə çox kəskin şüarlar səsləndi, hətta o, açıq şəkildə "nüfuzi", yəni ABŞ və ya İsrailin təsir agenti adlandırıldı və edam olunması tələb edildi. İran parlamentinin deputatı Əmirhüseyn Sabiti isə tarixdə qalması üçün Əraqçının impiçmenti məsələsini parlamentin gündəliyinə gətirəcəklərini bəyan etdi və dedi:
"Cənab Qalibaf, biz sizin xeyirxahınızıq, amma siz kaş belə bir razılaşmaya qol qoymayaydınız!"
Əlbəttə, Sabiti "biz" deyərkən, İran parlamentində mühafizəkarların radikal qanadını və "Sabitlik cəbhəsi" adlı siyasi təşkilatı təmsil edən deputatları nəzərdə tutur. İran Ali Milli Təhlükəsizlik Şurasının üzvü və prezidentliyə keçmiş namizəd Səid Cəlilinin tərəfdarı olan bu deputatlardan Həmid Rəsayi, Mahmud Nəbəvian və Kamran Qəzənfəri kimi şəxslər də fəal şəkildə ABŞ ilə razılaşmanın əleyhinə çıxışlar edirlər. Bu siyasətçilərin Vaşinqtonla sazişə qarşı sərt mövqeyi hətta beynəlxalq medianın da diqqətini cəlb edib", - deyə materialda qeyd olunur.
Oxşar xəbərlər
Tramp: İranda artıq məntiqli rəhbərlik var
ABŞ Prezidenti Donald Tramp İranda hazırda rasional rəhbərliyin formalaşdığını bəyan edib. BAKU.WS xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı danışıb. "...