İran Prezidenti ABŞ ilə dialoqun perspektivlərini dəyərləndirdi

İran Prezidenti ABŞ ilə dialoqun perspektivlərini dəyərləndirdi
Dünya 19

İran Prezidenti Məsud Pezeşkian ölkə televiziyasına müsahibəsində bildirib ki, Tehran Vaşinqtonla nüvə məsələsi üzrə dialoqun perspektivlərini müsbət qiymətləndirir.

"ABŞ ilə qarşıdan gələn dolayı danışıqlarla bağlı yaxşı perspektivlər görürük", – deyə Pezeşkian ABŞ-la yeni danışıqlar mərhələsi ərəfəsində bildirib.

Fevralın 25-də "ISNA" agentliyi xəbər verib ki, İran və ABŞ nümayəndələri arasında nüvə dosyesi üzrə danışıqlar fevralın 26-sı səhər saatlarında Omanın Cenevrədəki diplomatik nümayəndəliyində keçiriləcək.

Fevralın 22-də İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkəsinin ABŞ ilə nüvə məsələsi üzrə mümkün razılaşması daha sadələşdirilmiş formatda – İranın nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləyən saziş və sanksiyaların ləğvini əhatə edən sənəd şəklində olmalıdır. Onun sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) imzalanmasından 10 il ötüb və bu müddətdə Tehranın nüvə proqramı əhəmiyyətli dərəcədə irəliləyib.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, Cenevrədə keçirilən ABŞ-İran danışıqları zamanı Tehran yüksək zənginləşdirilmiş uranın bir hissəsini üçüncü tərəfə, məsələn Rusiyaya göndərməyi təklif edib. Bu addım Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını aradan qaldırmağa yönəlib.

Nəşrin yazdığına görə, İran tərəfi uranın zənginləşdirilməsini üç ilədək dayandırmağa hazır olduğunu bildirib. Lakin ABŞ Prezidenti Donald Trampın administrasiyası proqramın tamamilə dayandırılmasında israr edir.

Son xəbərlər