Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb.
Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşünün dərin məzmunlu keçdiyini qeyd edib:
"Görüş zamanı sülh səylərini müzakirə etdik. Türkiyənin bu məsələdə harada dayandığını bütün aktorlar kimi Vladimir Putin də çox yaxşı bilir. Biz bu müharibənin artıq çoxdan bitməli olduğunu düşünürük və bunu bütün tərəfdaşlarımıza açıq şəkildə deyirik", - o deyib.
R.T.Ərdoğan onu da bildirib ki, Qara dəniz qisas meydanına çevrilməməlidir: "Belə bir vəziyyət Rusiya və Ukraynaya yalnız zərər verər, heç bir fayda gətirməz. Qara dənizdə dənizçilik və naviqasiya təhlükəsizliyinə hamının ehtiyacı var. Bu mütləq təmin edilməlidir".
Türkiyə Prezidenti bildirib ki, rusiyalı həmkarını ölkəsində gözlədiyini də qarşı tərəfə çatdırıb: "Görüşümüz zamanı xüsusilə ona hər an onu gözlədiyimi ifadə etdim. Bunun üçün də ən qısa zamanda bir araya gəlməli olduğumuzu müzakirə etdik. O da "sözümü yerinə yetirəcəyəm" dedi. Ümid edirəm ki, bu səfəri ən yaxın zamanda reallaşdırarıq".
R.T.Ərdoğan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın da prosesdə iştirakına diqqət çəkib:
"Trampın fəal rol alması ilə yanaşı, biz də ABŞ-ni təşviq edirik. Xarici işlər naziri Hakan Fidanın ABŞ-dəki aidiyyəti şəxslərlə daimi əlaqəsi davam edir. Biz də zaman-zaman liderlərlə telefon diplomatiyası aparırıq. Putinlə keçirdiyimiz bu görüşdən sonra inşallah, ABŞ Prezidenti Tramp ilə də sülh planını dəyərləndirmək imkanı taparıq".
Oxşar xəbərlər
Suriyadakı atışmada ABŞ hərbçiləri yaralanıb
Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında baş verən atışmada iki Suriya və bir neçə ABŞ hərbçisi yaralanıb. BAKU.WS Oxu....