Bu şəhərdə ictimai yerlərdə siqaret çəkmək qadağan edildi

Bu şəhərdə ictimai yerlərdə siqaret çəkmək qadağan edildi
Dünya 232

Yaponiyanın ən böyük şəhərlərindən biri olan Osakada ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

27 yanvarda qüvvəyə minən qadağa çərçivəsində küçələrdə, parklarda, meydanlarda və digər ictimai yerlərdə siqaret, elektron siqaret istifadəsi yasaqlanıb. Qaydalara əməl etməyənlər 1 000 yen (təxminən 6 dollar) cərimə ediləcək.

"Şəhərimizdə siqaretsiz zonaları genişləndirərək təhlükəsizliyi və təmizliyi artırmağı, həmçinin Osakanın beynəlxalq turizm məkanı kimi imicini gücləndirməyi hədəfləyirik",-deyə Osaka Bələdiyyəsinin açıqlamasında bildirilib.

Bu təşəbbüsün yalnız şəhərin estetikasını gözəlləşdirməklə qalmayıb, həm də sakinlər və turistlər üçün təhlükəsiz, rahat bir mühit yaratmaq məqsədi daşıdığı qeyd edilib.

Yaponiyada qüvvədə olan qanunlara əsasən, restoranlar, ofislər və ictimai nəqliyyat kimi qapalı məkanlarda siqaret çəkmək qadağan edilib. Bununla yanaşı, bəzi şəhərlərdə açıq ictimai yerlərdə də siqaret yasaqları tətbiq olunur. Ölkədə 20 yaşdan aşağı şəxslərin tütün məhsulları alması və istifadə etməsi də qadağandır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son 20 ildə Yaponiyada tütün istifadəsi təxminən yarıya enib. 2000-ci ildə ölkədə siqaret çəkənlərin nisbəti 32 faiz olduğu halda, 2022-ci ildə bu göstərici 16 faizə düşüb. Yaponiyanın Səhiyyə Nazirliyinin 2022-ci ildə keçirdiyi sorğuya əsasən, yetkin əhalinin 14,8 faizi siqaret çəkir. Nazirlik bu göstəricini 12 faizə endirməyi hədəfləyir.

Osaka yerli idarəçiliyi, ictimai yerlərdə yeni tütün qadağasından sonra siqaret çəkməyə icazə verilən zonaları göstərən xəritə yayımlayıb.

Son xəbərlər