SİZİN REKLAM BURADA!
055 213 76 73


Türk Dövlətləri Təşkilatı (TDT) ilə Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb.

"Report"un Türkiyə bürosunun xəbərinə görə, sənədi TDT-nin Baş katibi səfir Kubaniçbek Ömurəliyev və TİKA sədri Serkan Kayalar imzalayıb.

K.Ömurəliyev bildirib ki, memorandum əməkdaşlığın təşviqi, məlumat mübadiləsi və təcrübə mübadiləsinə yönəlmiş strateji tərəfdaşlığın başlanğıcıdır.

TDT və TİKA arasında regional inkişaf üçün ortaq maraq və istəklərin üst-üstə düşdüyü hərtərəfli çərçivənin müəyyən edildiyini bildirən K.Ömurəliyev deyib ki, memorandumun məqsədinin əməkdaşlığı gücləndirmək, regional inkişaf tərəfdaşlıqlarını inkişaf etdirmək və üzv dövlətlərin üzləşdikləri problemlərin birgə həll yollarını tapmaqdır:

"Bu əməkdaşlıq vasitəsilə biz davamlı inkişaf da daxil olmaqla, beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf məqsədlərinə töhfə verməyi hədəfləyirik".

O bəyan edib ki, anlaşma memorandumu səhiyyədən təhsilə, ticarətdən ətraf mühitə kimi əməkdaşlığın bir çox sahələrində inkişafın müxtəlif aspektlərini həll etmək əzmini, hərtərəfli əməkdaşlıq ruhunu əks etdirir.

Mühüm bir addım atıldığını deyən Serkan Kayalar TİKA-nın 1992-ci ildən müstəqillik qazanmış türkdilli ölkələrdə sürətlə institutlaşdığını, ofislər qurduğunu və 30 ildən artıqdır ki, türk dünyasının rifahı üçün həyata keçirdiyi layihələri davam etdirdiyini xatırladıb.

Bu gün türk dünyasının regional baxımdan tamamilə fərqli səviyyəli, həm iqtisadi, həm də dünya məsələlərinə marağı olduğunu bildirib:

"TİKA və TDT-nin bu əməkdaşlığı türk dünyası üçün böyük əhəmiyyət daşıyır. İstər dövlət başçıları, istər xarici işlər nazirləri, istərsə də katiblik səviyyəsində türk dövlətləri üçün çox dəyərli işlər görürlər. TİKA olaraq aktiv fəaliyyətdəyik, Ümid edirik ki, TDT-yə üzv ölkələrdə əməkdaşlıqla bağlı mühüm addım atdıq".

“Türk Dünyası 2040 Vizyonu”na toxunan S.Kayalar, memorandum çərçivəsində həyata keçiriləcək layihələrin bu baxışa və davamlı inkişaf məqsədlərinə töhfə verəcəyinə inandığını vurğulayıb.

BAKU.WS