SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Qaziantepə gedib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardımı aparan təyyarə Qaziantep Hava Limanına enəcək.

Səfir yardımın qəbul edilməsində iştirak etmək üçün Qaziantepə gəlib.

Faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə Qaziantep Hava Limanından qəbul olunacaq.

Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərərçəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq.

Hava limanında olan Qaziantep valisinin müavini Muhammet Önerin məlumatına görə, humanitar yardım Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Qaziantep şöbəsindən koordinasiya olunaraq zəlzələdən zərər çəkən bölgələrə paylanacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

BAKU.WS