VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Avropada artıq 660 min hektar meşə yanıb.

BAKU.WS APA-ya istinadən verdiyi xəbərə görə, bu, 2006-cı ildən sonra meşə yanğınları ilə bağlı qeydə alınan rekord göstəricidir.

Meşə Yanğınları barədə Avropa İnformasiya Sisteminin məlumatlarına görə, bu il meşə yanğınları tək Aralıq dənizi ölkələrini əhatə etməyib, Avropanın digər ölkələrində də meşə yanğınları tüğyan edib. Məsələn, Sloveniyada son 10 ildə ən böyük meşə yanğınları qeydə alınıb.

Meşə yanğınlarının geniş yayılmasının səbəbi bu il müşahidə olunan quraqlıq və ekstremal yüksək temperaturun bütün Avropanı əhatə etməsidir. Digər tərəfdən, meşə yanğınları ilə bağlı yeni rekord qeydə alınsa da, hələ yanğın mövsümünün ortalarıdır.

Bu vaxta qədər Avropada ən çox meşə sahəsi yanan ölkə İspaniyadır. İspaniyada 225 min hektar meşə sahəsi yanıb. Rumıniyada 150 min, Portuqaliyada 77 min hektar meşə yanıb.

Son günlər Fransa, Almaniya və Yunanıstanda böyük meşə yanğınları qeydə alınıb. Fransanın Averon departamentində 1260 hektar meşənin yanması ilə əlaqədar bir neçə min insan evakuasiya edilib. Almaniyada isə yalnız bu gün Qarts Milli Parkında yanğını söndürmək mümkün olub. Bir neçə gün davam edən yanğınlar nəticəsində 13 hektar meşə yanıb.

Bu gün Yunanıstanın Tasos adasında bir neçə gündür ki, davam edən meşə yanğınlarını da qismən nəzarət altına almaq mümkün olub. Bu il Yunanıstanda yanğınlar 13 min hektardan çox meşəni əhatə edib.

Ekspertlərin proqnozuna görə, hazırkı quraqlıq Avropada son 500 ildə müşahidə olunan ən ağır quraqlıq kimi yadda qala bilər. Quraqlıq çayların qurumasına, böyük meşə yanğınlarına, ciddi ekoloji və iqtisadi ziyana gətirib çıxarır

BAKU.WS