SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçirilən parlament seçkiləri üzrə 3847 məntəqədən 3735-də səsləri hesablayıb.

AZƏRTAC xəbər verir ki, MSK-nın məlumatına görə, 3735 məntəqənin nəticələrinə əsasən hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası 48,05 faiz səs toplayaraq qalib gəlib.

“Vahid Milli Hərəkat Partiyası-Birləşmiş Müxalifət” 27,07 faiz səslə ikinci yerdədir.

Hesablamalara görə, “Avropalı Gürcüstan-Azadlıq uğurunda” 3,79 faiz, “Gürcüstan Vətənpərvərlər Alyansı” 3,18 faiz, “Aqmanaşenebeli strategiyası” 3,15 faiz, “Lelo” 3,17 faiz, “Qirçi” 2,92 faiz, “Aleko Elisaşvili-Vətəndaşlar” 1,34 faiz, “Leyboristlər” 1,1 faiz, “Nino Burcanadze-Vahid Gürcüstan-Demokratik Hərəkat” 0,58 faiz səs toplayıb.

Beləliklə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası müstəqil Gürcüstan dövlətinin tarixində parlament seçkilərində 3 dəfə ardıcıl olaraq qalib gələn ilk siyasi qüvvə oldu.

Hakim partiya hökumətin formalaşdırılmasında üstünlüyə malikdir.

Qeyd edək ki, seçkilərdə 48-i siyasi partiya, 2-si isə seçki bloku olmaqla, 50 seçki subyekti iştirak edib.

Bu seçkilər yeni sistem üzrə keçirilib. Parlamentin 150 deputatının 120-si proporsional, 30-u isə majoritar qaydada seçilib. Majoritar namizədlərdən bir neçəsi yetərincə səs toplaya bilmədikləri üçün noyabrın 21-də ikinci turda təkrar mübarizə aparacaqlar.

BAKU.WS