Xocalı azaddır: Qanlı tarixdən qürurlu gələcəyə

Xocalı azaddır: Qanlı tarixdən qürurlu gələcəyə
Video
Digər 69

"Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki buraxılışı Xocalı faciəsinə həsr olunub.

Bildirilib ki, Xocalıya ədalət tələb etmək xarici siyasətimizin əsas istiqamətlərindən birinə çevrilib. Artıq bir sıra ölkələr tam səviyyədə, bəziləri isə parlament səviyyəsində Xocalı soyqırımını tanıyıb:

"ABŞ-nin 20-dən artıq ştatı Xocalı faciəsini qətliam kimi tanıyan sənəd qəbul edib. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş qətliamdır.

Həmin gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakinini qətlə yetirib, 8 ailəni tamamilə məhv edib. 76-ı uşaq olmaqla 487 nəfər yaralanıb. 1 275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günə qədər naməlumdur".

Qeyd olunub ki, Xocalı faciəsi təkcə Azərbaycan-Ermənistan müharibəsinin nəticəsi deyil, həm də Ermənistanın Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsidir:

"Bu faciəni törədənlərin məqsədi təkcə Xocalı şəhərini işğal edib strateji üstünlük əldə etmək deyildi.

Məqsəd həm də xalqı qorxu və ümidsizlik içində saxlamaq, onları öz torpaqlarını tərk etməyə məcbur etmək və bölgədə etnik vəziyyəti dəyişmək idi.

Xocalıda törədilən vəhşiliklərin lentə alınması erməni qəsbkarlarına bu faciəni ört-basdır etməyə imkan vermədi.

Faciənin baş verməsində Ermənistanın hərbi əməliyyatları məqsədli və planlı şəkildə həyata keçirməsi ilə yanaşı, həmin dövrdə beynəlxalq ictimaiyyətin Qarabağda yaşanan hadisələrə biganə yanaşması da böyük rol oynayıb".

Əlavə olunub ki, Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək və onların haqqını qorumaq Azərbaycan xalqının mənəvi borcudur:

"Bu borcun tam şəkildə ödənilməsi isə yalnız ədalətin bərqərar olması və günahkarların cəzalandırılması ilə mümkün olacaq.

Azərbaycan 44 günlük Vətən müharibəsi və bundan 3 il sonra həyata keçirdiyi birgünlük antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyünü bərpa edib, işğal olunmuş bütün şəhər və rayonlarını, o cümlədən Xocalını nəzarətinə keçirib.

Bu həm Xocalı soyqırımının unudulmaması və beynəlxalq səviyyədə tanınması uğrunda mübarizənin yeni mərhələsini açıb, həm də bu şəhərə yenidən həyat verilməsinə imkan yaradıb".

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər