Məcburi köçkün ailəsi çətin vəziyyətdə: "Evə ilan-qurbağa girir"

Məcburi köçkün ailəsi çətin vəziyyətdə: Evə ilan-qurbağa girir
Video
Digər 14

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, 1 nömrəli tam orta məktəbin yaxınlığında məskunlaşan məcburi köçkün ailəsi ağır şəraitdə yaşadığını bildirir.

Baku TV-nin qaynar xəttinə müraciət edən ailənin sözlərinə görə, onlar 20 ildən artıqdır yararsız vəziyyətdə olan vaqonda yaşayırlar.

"Yağış yağanda sel suları evə dolur, suyun içində qalırıq. İlan-qurbağanın əlindən evə girmək olmur. Yayda istidən nəfəs almaq, qışda isə soyuqdan dayanmaq mümkün deyil", - deyə ailə üzvü Gülizar Abdullayeva qeyd edib.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, qurum ailənin vəziyyəti barədə məlumatlıdır.

Qeyd olunub ki, onların yeni mənzillərlə təminatı yalnız işğaldan azad edilmiş ərazilərdə həyata keçirilə bilər.

"Həmin ərazilərdə evlərin tikintisi və bərpası təsdiqlənmiş qrafikə uyğun olaraq mərhələli şəkildə aparılır. Köçürülmə zamanı qəzalı və ağır şəraitli binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələrə üstünlük verilir.

Laçın rayonunun Malıbəy kəndində bərpa işləri başa çatdıqdan sonra ailənin köçürülməsi məsələsinə qanunvericiliyə uyğun şəkildə baxılacaq. Eyni zamanda ailənin könüllü müraciəti əsasında onların Xocalı və ya Xocavənd rayonlarında bərpa olunan evlərə köçürülməsi məsələsi də nəzərdən keçirilə bilər", - deyə qurumdan bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər