Bədən ölüm anında yox olan zəif bir işıq saçır

Bədən ölüm anında yox olan zəif bir işıq saçır
Digər 121

Kanadada aparılan diqqətçəkən elmi araşdırma, canlı orqanizmlərin ölüm anında yox olan zəif bir işıq yaydığını üzə çıxarıb. Alimlər bildirirlər ki, bu işıq "biofoton" adlanan zəif foton emissiyasıdır və yalnız canlı orqanizmlərdə mövcuddur.

BAKU.WS xəbər verir ki, araşdırma Kalqari Universiteti və Kanada Milli Araşdırma Şurasının birgə əməkdaşlığı ilə həyata keçirilib. Tədqiqat zamanı siçanlar və bəzi bitki növləri üzərində təcrübələr aparılıb. Nəticədə məlum olub ki, həm heyvanların, həm də bitkilərin ölüm anında bu zəif işıq qəfil yox olur.

Fizik Vahid Salari və onun komandası tərəfindən aparılan araşdırma göstərib ki, həm heyvanlarda, həm də bitkilərdə həyat davam etdiyi müddətcə "ultrazəif foton emissiyası" (UPE) müşahidə olunur. Bu işıq yalnız canlı orqanizmlərdə mövcuddur və ölüm anında dayanır.

Elmi dairələrdə uzun müddət mübahisəli mövzu olan biofoton emissiyası əvvəllər bəzi fövqəltəbii iddialarla əlaqələndirilirdi. Lakin bu araşdırma məsələyə elmi yanaşma təqdim edərək yeni bir baxış bucağı qazandırıb.

Alimlər müəyyən ediblər ki, bu zəif işığın əsas mənbəyi hüceyrələrin oksigenlə reaksiyası nəticəsində yaranan stressdir. Araşdırmanın dəqiqliyini təmin etmək məqsədilə siçanlar ölüm sonrası bədən temperaturu sabit saxlanılmaqla izlənilib.

Təcrübədə dörd siçan əvvəlcə qaranlıq mühitdə canlı halda müşahidə edilib, daha sonra evtanaziya edilərək yenidən müşahidəyə alınıb. Ölümdən sonra foton emissiyasının əhəmiyyətli dərəcədə azaldığı qeydə alınıb.

Eyni metod Arabidopsis thaliana (siçanqulağı tərəzi) və Heptapleurum arboricola (cırtdan çətir ağacı) bitkiləri üzərində də tətbiq olunub. Fiziki və kimyəvi zədə alan bitkilərdə işıq emissiyasının artdığı müşahidə edilib.

Tədqiqatçılar hesab edirlər ki, bu zəif işıq emissiyası gələcəkdə insan və heyvanlarda stress və sağlamlıq vəziyyətini ölçmək üçün qeyri-invaziv üsul kimi istifadə oluna bilər. Bu isə tibbi diaqnostika sahəsində yeni imkanlar yarada bilər.

Araşdırmanın nəticələri nüfuzlu The Journal of Physical Chemistry Letters elmi jurnalında dərc olunub.

Son xəbərlər