Flaminqolar ovlamaq üçün suyun içində girdablar yaradır – alimlərdən maraqlı araşdırma

Flaminqolar ovlamaq üçün suyun içində girdablar yaradır.
BAKU.WS xəbər verir ki, alimlər flaminqoların sadəcə suyu süzməklə kifayətlənmədiyini, eyni zamanda aktiv şəkildə ov etdiyini aşkarlayıblar. Araşdırma Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.
Kaliforniya Universitetindən biomexanik Viktor Ortega Ximenes və komandası çəkilişlər, lazer və 3D modellər vasitəsilə sübut edib ki, flaminqolar ov üçün palçığı ayaqları ilə qarışdıraraq suyun içində girdablar yaradır. Onlar əvvəlcə dayaz sularda "rəqs" edərək ayaqları ilə çöküntünü qaldırır, sonra başlarını yuxarı qaldıraraq şaquli girdablar formalaşdırırlar. Bu girdablar xırda canlıları – krevetləri və zooplanktonu cəlb edir.
Eyni zamanda, flaminqoların əyilmiş dimdikləri saniyədə 12 dəfə "çırpınaraq" əlavə girdablar yaradır və bu, ovun birbaşa dimdiyə yönəlməsini təmin edir. Eksperimentlər göstərib ki, bu üsul ilə tutulan krevetlərin sayı 7 dəfə artır.
Tədqiqatçılar həmçinin müəyyənləşdiriblər ki, flaminqoların ayaqlarındakı elastik pərdələr sərt quruluşlara nisbətən daha təsirli şəkildə yönlü girdablar yaradır.
Alimlər hesab edir ki, bu kəşf təkcə quşların davranışına dair fikirləri dəyişmir, həm də texnologiyada - məsələn, özünü təmizləyən filtrlər və ya palçıqda hərəkət edib suyun içindən mikroskopik hissəcikləri toplaya bilən robotların hazırlanmasında istifadə oluna bilər.
Oxşar xəbərlər
İran Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndə təyin edib
İran Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndə təyin edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirili...
