VINEN prezidenti Azərbaycan-Vyetnam Biznes Şurasının məqsəd və planlarından danışıb

VINEN prezidenti Azərbaycan-Vyetnam Biznes Şurasının məqsəd və planlarından danışıb
İqtisadiyyat 33

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VINEN) tərəfindən yaradılan Biznes Şurası iki ölkənin biznes subyektlərini birləşdirən Ticarət-Sənaye Palatasının analoqudur.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a müsahibəsində VINEN-in prezidenti Din Viet Hoa bildirib.

Assosiasiya rəhbəri vurğulayıb ki, Biznes Şurası mahiyyətcə Ticarət-Sənaye Palatası ilə eyni funksiyaları yerinə yetirir: Buraya işgüzar əlaqələrin qurulması, investisiya və ticarətin təşviqi, sahibkarlara dəstək daxildir.

"Biz Vyetnam və Azərbaycan arasında Biznes Şurasının yaradılması üçün səylərimizi birləşdirdik. Bu, biznes və sahibkarlıq sahəsində əməkdaşlığı inkişaf etdirməklə bağlı istəyimizi göstərir. Əminik ki, belə bir platforma hər iki tərəf üçün nəzərəçarpacaq dərəcədə fayda gətirəcək. Əməkdaşlığımızın ticarət, məhsulların ixracı və idxalı ilə məhdudlaşmayacağı planlaşdırılır. Bununla yanaşı, tədqiqatlar, təlimlər, təhsil proqramları və sahibkarlar üçün məsləhətləşmələr vasitəsilə bilik və təcrübə mübadiləsi həyata keçirə bilərik", - o bildirib.

VINEN prezidentinin sözlərinə görə, bu əsasda, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi üçün platforma rolunu oynayacaq birgə sərgilər, biznes forumları və sammitlər təşkil etmək mümkündür: "Ölkələrimizin məhsulları bu tədbirlər çərçivəsində təqdim edilə bilər. Bu isə rəqabət üstünlüklərini müəyyən etməyə və yeni istiqamətlərin inkişafını stimullaşdırmağa imkan verəcək. Bundan başqa, hər iki ölkənin nüfuzlu sahibkarları üçün mükafatın yaradılması imkanlarını nəzərdən keçirmək maraqlı olardı. Bununla onların ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələr qəbul ediləcək".

D. Hoa düşünür ki, ofislər həm Hanoyda, həm də Bakıda olacaq. Bundan əlavə, hər iki ölkədən həmsədrlər də ola bilər.

O əlavə edib ki, Şuranın işi çərçivəsində bu ilin sentyabrında Hanoyda Azərbaycan sahibkarlarının iştirakı ilə biznes sammitinin keçirilməsi planlaşdırılır: "Sammit çərçivəsində sərgilər, forum, həmçinin azərbaycanlı sahibkarların Vyetnam hökumətinin nümayəndələri, eləcə də investisiya və ixrac potensialına malik əyalətlərin rəhbərliyi ilə görüşləri planlaşdırılır".

Son xəbərlər