Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdır

Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdır
Digər 43

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif sahələr üzrə genişmiqyaslı və sistemli islahatlar həyata keçirilir.

Bu islahatlar ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, idarəetmədə daha çevik və səmərəli mexanizmlərin formalaşdırılmasına, həmçinin vətəndaş məmnunluğunun artırılmasıa xidmət edir. Xüsusilə sosial sahədə atılan addımlar əhalinin rifahının yüksəldilməsinə yönəlib.

Bütün bu islahatların əsas məqsədi dövlət xidmətlərini daha keyfiyyətli səviyyəyə çatdırmaqdır. Aparılan islahatların ardıcıllığı və sistemliliyi Azərbaycanın davamlı inkişaf modelinin formalaşdığını göstərir.

Nəticədə bu dəyişikliklər ölkənin həm daxili sabitliyini möhkəmləndirir, həm də beynəlxalq arenada mövqeyini daha da gücləndirir. Səhiyyə sahəsində də atılan addımlar bu qəbildəndir.

Öncəliklə qeyd etmək lazımdır ki, son illər səhiyyə sahəsi ilə bağlı verilən qərarlar Azərbaycanın bu sektorda yeni mərhələyə qədəm qoyduğunun təzahürüdür.

Bu mərhələ yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır. Həmçinin idarəetmə fəlsəfəsi yenilənir, xidmət keyfiyyəti yüksəlir və vətəndaş məmnunluğu artır.

Qeyd olunan sahədə yeni islahat dalğası səhiyyə və sosial müdafiə sistemləri arasında daha sıx və səmərəli koordinasiyanın qurulmasını hədəfləyir.

Yeni mərhələdə diqqət çəkən mühüm məqamlardan biri də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rolunun əhəmiyyətli dərəcədə genişləndirilməsidir. Artıq TƏBİB yalnız səhiyyə müəssisələrini idarə edən qurum kimi deyil, həm də tibbi xidmətlərin təşkili və icrasında əsas aktor kimi çıxış edəcək.

Dövlətin prioritet elan etdiyi sahələrdən olan səhiyyə sistemində əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun artırılması üçün atılan addımlar, aparılan islahatlar davamlı xarakter daşıyır.

Prezident İlham Əliyevin "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" bu ilin martın 19-da imzaladığı Fərman isə yeni islahat mərhələsinə keçid üçün baza rolunu oynayır, sistemin idarəetmə istiqamətinin yenilənməsindən xəbər verir. Fərmanda icbari tibbi sığorta sistemində funksiyaların yenidən bölüşdürülməsi, sosial müdafiə və səhiyyə institutları arasında inteqrasiyanın gücləndirilməsi və TƏBİB-in rolunun genişləndirilməsi nəzərdə tutulur.

Bu dəyişikliklər Azərbaycan səhiyyəsində bir neçə məsələni gündəmə gətirir. Yeni modelin idarəetmə baxımından dəyişəcəyi amillər, bu dəyişikliklərin iqtisadi və sosial təsiri və islahatların real nəticəsinin asılı olduğu şərtlər əsas müzakirə istiqamətləri kimi səciyyələnə bilər.

İnstitusional baxımdan TƏBİB-in gücləndirilməsi daha müasir, dayanıqlı və çevik idarəetmə modelinə keçidin əsasını təşkil edir. Bu isə qurumun səhiyyə sistemində yaranan yeni çağırışlara daha operativ uyğunlaşmasını təmin edir. Artan məsuliyyət fonunda TƏBİB-in fəaliyyətində nəticəyönümlülük, vətəndaşyönümlülük və keyfiyyət meyarları daha da ön plana çıxır.

Məhz islahatların əsas mərhələsi kimi Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilməsini qiymətləndirmək olar. Bu gün isə məhz onun sədrliyi ilə keçirilən Şuranın iclasında Anar Bayramov qurumun yeni icraçı direktoru təyin edildi.

İslahatların əsas istiqamətlərindən biri icbari tibbi sığorta sisteminin daha təkmil maliyyələşdirmə mexanizmi əsasında yenidən qurulmasıdır.

Bu model çərçivəsində tibbi sığorta fondunun vəsaitlərinin idarə olunması daha mərkəzləşdirilmiş və şəffaf şəkildə həyata keçiriləcək. Nəticədə maliyyə intizamı güclənəcək, vəsaitlərin istifadəsində səmərəlilik artacaq və səhiyyə xərclərinin optimallaşdırılması mümkün olacaq. Bu yanaşma uzunmüddətli perspektivdə sistemin maliyyə dayanıqlılığını təmin edən əsas amillərdən biri kimi çıxış edir.

Nəticə etibarilə, həyata keçirilən islahatlar səhiyyə sisteminin daha çevik, şəffaf və səmərəli fəaliyyət göstərməsinə hesablanıb.

Bu dəyişikliklər yalnız idarəetmə strukturunu yeniləməklə kifayətlənmir, həm də vətəndaşların gündəlik həyatında real hiss olunan keyfiyyət dəyişikliklərinə gətirib çıxarmağı hədəfləyir. Əsas məqsəd isə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun maksimum səviyyəyə çatdırılmasıdır.

Son xəbərlər