ABŞ-də akula balası erkəksiz dünyaya gəldi

ABŞ-də akula balası erkəksiz dünyaya gəldi
Digər 80

ABŞ-nin Luiziana ştatının Şrivport şəhərində akvariumda heç bir erkək fərdin olmadığı halda akula balası dünyaya gəlib.

BAKU.WS xəbər verir ki, bu qeyri-adi hadisə CNN tərəfindən yayımlanıb.

Okeanarium əməkdaşlarının verdiyi məlumata görə, balıq yumurtadan çıxıb və "Yoko" adlandırılıb. Son üç ildə həmin akvariumda erkək fərdlərin olmadığını nəzərə alsaq, bu hadisənin iki mümkün izahı var.

Birinci ehtimal partenogenezdir – bu, dişi hüceyrələrin mayalanma olmadan inkişaf edib yeni canlı yaratdığı nadir bir reproduksiya formasıdır. İkinci mümkün səbəb isə gecikmiş mayalanmadır, yəni dişi fərd bir neçə il əvvəl baş vermiş cütləşmədən sonra spermanı bədənində saxlamış ola bilər.

Akulaların cütləşmə mexanizmini araşdıran alim Kevin Feldhaym, bəzi dişi fərdlərin uzun müddət spermaları bədənində saxlaya bildiyini qeyd edib. Onun araşdırmalarından birində akulanın spermanı dörd il boyunca qoruduğu aşkarlanıb.

Şrivport okeanariumunun mütəxəssisləri Yoko böyüdükdən sonra onun DNT testini aparmağı planlaşdırırlar. Bu test, akulanın hansı yolla dünyaya gəldiyini dəqiq müəyyənləşdirməyə kömək edəcək.

Oxşar xəbərlər

Son xəbərlər