SİZİN REKLAM BURADA!
055 213 76 73


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilir. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.

BAKU.WS xəbər verir ki, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Bütün bağçalarda dezinfeksiya işləri aparılır. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər.

Valideynlər uşaqları bağçaya göndərərkən bunlara diqqət etməlidir

Körpələr arasında sosial məsafənin qorunması, əllərinin tez-tez dezinfeksiyaedici məhlullarla yuyulması vacibdir. Uşaqları toplu vəziyyətdə bir yerə yığmaq böyük risk təşkil edir. Otaqların dezinfeksiya edilməsi, havasının tez-tez dəyişdirilməsi və uşaqların qidalanmasının qaydalar çərçivəsində olması vacibdir.

Uşaqlara başa salmaq lazımdır ki, bir-birlərinə əl ilə təmas etmək, yaxın məsafədə dayanmaq olmaz. Əlbəttə ki, uşaq bağçalarında yoluxma riskləri var. Buna baxmayaraq, qaydalara riayət olunsa, tam sıfırlanmasa da, yoluxmanı minimuma endirmək olar.

Bəzi valideynlər var ki, uşağı ac-susuz məktəbə-bağçaya göndərir. Uşaqlar səhər yeməklərini evdə yesələr, yemək zamanı olan təmaslar azalar. Məktəbəqədər yaş dövrü uşaqların gigiyena tələblərinə ən pis əməl etdiyi dönəm sayılır. Ona görə də müəllimlər və valideynlər maksimum çalışmalıdır ki, qaydalara əməl etməklə uşaqların yoluxmasının, zərər görməsinin qarşısını alsınlar.

BAKU.WS