SİZİN REKLAM BURADA!
055 213 76 73


Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə müddətli əlavənin verilməməsi iddia edilib. 

Bununla bağlı BAKU.WS-in "Qaynar xətti"nə bir qrup tibb işçisi tərəfindən şikayət məktubu daxil olub.

Məsələni araşdırmaq və iddiaların nə qədər doğru olub-olmadığını aydınlaşdırmaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik.

Agentlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği belə müəyyən edilib:

"1. Tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində

Məlumat üçün bildirək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilir:

• tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkimi-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri;

• təcili tibbi yardım xidmətinin və Təcili Yardım Avtobazasının sürücüləri;

• tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla, tibb müəssisəsi rəhbərinin müavini – baş həkimlər;

• COVID-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri;

• COVID-19 infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən tibb müəssisələrinin bütün kateqoriyadan olan digər tibb işçiləri.

2. Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində

Nəzərinizə çatdırırıq ki, müraciətdə qeyd olunan məsələnin araşdırılması ilə əlaqədar “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilmiş məlumata görə təcili tibbi yardım üçün gün ərzində ümumilikdə 5 briqada ayrılır. Hazırda Mingəçevir şəhərində yeni növ koronavirus infeksiyasına yoluxma sayı aşağı səviyyədə olduğu üçün koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə gündəlik 1 briqada cəlb edilir. Həmin briqadanın işçilərinin aylıq vəzifə (tarif) maaşlarına 3 və 4 misli məbləğində cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilir.

Digər xəstəliklərlə bağlı gündəlik çağırışların sayının 80-120 arası olması nəzərə alınaraq, qalan 4 briqada təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərlə (infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, zəhərlənmə və s.) bağlı çağırışlara gedir. Həmin işçilər koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmədikləri üçün onların aylıq vəzifə (tarif) maaşlarına müddətli əlavə tətbiq edilmir.

Məlumat üçün bildirək ki, əhalinin sağlamlığı və təhlükəsizliyi məqsədilə tibb müəssisələrinin əməkdaşları yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə zərurətlə əlaqədar növbəlilik qaydasında hazırlanan qrup əsasında cəlb edilirlər. Belə ki, həmin tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Tibb müəssisələrinin rəhbərliyi tərəfindən xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir.

Nəzərinizə çatdırırıq ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilən məlumata əsasən müəyyən şikayətli (məsələn, hərarət) xəstələrlə təmasda olan, eləcə də təcili tibbi yardım avtomobilinin təmizlənməsində iştirak edən işçilər də iddia edirlər ki, onlara da müddətli əlavələr tətbiq edilməlidir. Həmin işçilərə dəfələrlə xəstəxana rəhbərliyi tərəfindən lazımi açıqlamalar verilib və mövcud vəziyyət izah olunub. Bildirilib ki, hər şikayəti olan xəstə koronavirus infeksiyasına yoluxmuş hesab edilmir, eyni zamanda təcili tibbi yardım avtomobilləri dezinfeksiya olunduqdan sonra işçilər tərəfindən təmizlənilir.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibb və qeyri-tibb işçilərinə 2020-ci ilin mart-dekabr ayları üzrə aylıq vəzifə (tarif) maaşının 3 və 4 misli məbləğində cəmi 172 min 765 manat müddətli əlavə ödənilib.

Hər hansısa şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün həmin şəxsin kimliyinin qeyd olunması xahiş olunur".

Orxan Hüseyn
BAKU.WS