Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə əlavə bu qədər pul ödənildi
Azərbaycan Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına və Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21 462 tibb işçisinə, 2 372 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.
Bu barədə BAKU.WS-ə Agentlikdən məlumat verilib.
Belə ki, Bakı şəhəri üzrə 145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.
"Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:
1. Tibbi profilaktik tədbirləri həyata keçirən 15 113 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 4.9 milyon manat ödənilib.
Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Tutalım, poliklinikada çalışan sahə pediatrının 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 292 manat 32 qəpik müddətli əlavə almalıdır. 292.32 = ((406 / 25) x 6) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
Hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/ aylıq iş günlərinin sayı) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli
2. Təcili tibbi yardım xidməti göstərən 4 967 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 378 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.7 milyon manat ödənilib.
R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Tutalım, Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389.76 = ((406 / 25) x 6) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1 004 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 700 min manat ödənilib.
Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkim infeksionistin 13-cü dərəcə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487.20 = ((406 / 25) x 6) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq", - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Oxşar xəbərlər
Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə başlanılıb
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tar...