SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yenilənməsi, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən Yasamal rayonunda iki küçənin yenidənqurulması işlərinə başlanılıb.


Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yenidən qurulmasına başlanılan küçələr Balababa Məcidov və Abdulla Şaiq küçələridir.

Balababa Məcidov küçəsinin yenidənqurulan ərazisi Cəfər Cabbarlı küçəsi ilə Nəriman Nərimanov prospektləri arasında yerləşən təqribən 560 metrlik hissəsidir, Abdulla Şaiq küçəsinin isə təmir-tikinti işlərinin aparıldığı ərazisi Balababa Məcidov və Mirzə Ağa Əliyev küçələri arasında yerləşən təqribən 635 metrlik hissəsidir.

Hər iki küçədə mövcud olan təqribən 8-9 metrlik yolun eni genişləndirilərək 15 metrə çatdırılması planlaşdırılır. Bu səbəbdən yolun hərəkət hissəsinə düşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi işləri aparılır. Bununla paralel olaraq köhnə asfalt-beton örtüyü də qaşınaraq, ərazidən daşınır.

Sözügedən küçələrin yenidən qurulması işləri çərçivəsində 1-1,5 metr dərinlikdə yeni yol yatağı salınacaq, yeni yağış-kanalizasiya sistemi tikiləcək, hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri və yeni işıqlandırma sistemləri qurulacaq, səkilərin kənarlarına təqribən 2500 paqon-metr səki daşı düzüləcək. Ümumilikdə Balababa Məcidov və Abdulla Şaiq küçələrinin təqribən 18 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək.

Yenidənqurma işləri Nəqliyyat nazirliyi rəhbərliyinin nəzarəti altında "Azəryolservis” ASC tərəfindən yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunmaqdadır.

Ziya Səccad
BAKU.WS