SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Dədə-Qorqud məskəni ulu Göyçənin bir parçası olan və ərazisinin etnik tərkibi tamamilə haylaşdırılan Yelenovka rayonu haqqında süjet hazırlanıb.

"Göyçənin bir parçası olan Yelenovka rayonu" adlı süjetdə ermənilərin tarix boyu qədim türk-oğuz yurdlarına göz dikməsindən, havadarlarının yedəyində hiyləgərlik siyasəti ilə coğrafi məkanları hədəf seçib zaman-zaman dəyişdirməsindən bəhs olunub.

Bildirilib ki, Qərbi Azərbaycanın Göyçə mahalı ərazisində yerləşən Yelenovka rayonu Göyçə gölünün şimal-qərbini əhatə edir. Rayon ərazisində "Kitabi-Dədə Qorqud"da göstərildiyi kimi, irsimizi, qədim tariximizi əks etdirən yer-yurd adlarına rast gəlinməsi, kilsə, qala, türbə və qəbiristanlıqların mövcudluğu oğuz-türklərinin qədim yaddaşının və mədəniyyətinin təzahürüdür.

1842-ci ildə Yelenovka kəndinin əsası qoyulub və bura Rus çarı I Pavelin qızı Yelena Pavlovnanın adı verilib. Oğuz-türklərinin yaşadığı Yelenovka ərazisini yadlaşdırmaq məqsədilə buraya Türkiyə və İrandan gətirilən ermənilər yerləşdiriliblər. Rayonun Bığlı, Çırçır, Çubuxlu, Əfəndi, Hacımuğan, Ördəkli, Rəhimkənd, Şəhriz, Yayçı, Zeynalağalı kimi qədim kəndlərində yaşayan yerli əhali vəhşicəsinə qovulub, etnik tərkib dəyişdirilib.

Diqqətə çatdırılıb ki, bu məkan 1935-ci il sentyabrın 9-da toponim terroruna məruz qalıb. Belə ki, Yelenovkanın adı dəyişdirilərək Sevan qoyulub və indiki Ermənistanda inzibati ərazi vahidi olub. Rayonun yaşayış məntəqələrində ömür sürən azərbaycanlılar zaman-zaman deportasiyalara məruz qalıb, doğma-yurd yuvalarını tərk edib, erməni qəddarlığı ilə üzləşiblər. Son olaraq isə haylar 1988-ci ildə bu çirkin niyyətlərini planlı şəkildə reallaşdırıblar. Bundan sonra Yelenovka rayonu üzrə səkkiz tarixi yer adları dəyişdirilib. 1995-ci ildə isə rayonun ərazisi mərkəzi Kəvər, yəni dəyişdirilmiş adı Kamo, sonra Qavar şəhəri olan Geğarkunik mərzliyinə daxil edilib.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycanın ən gözəl guşələrindən sayılan Yelenovka rayonu da məkrli erməni siyasətinin qurbanı olub:

"Amma əminik ki, XX əsrin əvvəllərində ədalətsizlik nəticəsində zorla qoparılıb indiki Ermənistana hədiyyə edilən tarixi ərazilərimiz yenidən öz sahiblərinin yurd yerinə çevriləcək, soydaşlarımızın qəlbini göynədən qəmli notlar sevinc dolu notlarla əvəzlənəcək".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı “Baku TV”nin süjetində:

BAKU.WS
VİDEO