Xorvatiyada iz qoymaq istəyən Mahir Emreli: “Bura ehtiyat oyunçular skamyasında kubok qaldırmağa gəlməmişəm”

Xorvatiyada iz qoymaq istəyən Mahir Emreli: “Bura ehtiyat oyunçular skamyasında kubok qaldırmağa gəlməmişəm”
İdman 74

Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli “Sportske” nəşrinə müsahibə verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ötən mövsümü icarə əsasında Türkiyə “Konyaspor”unda keçirən Azərbaycan millisinin üzvü çətin dövrdən keçdiyini bildirib:

“Ötən mövsüm mənim üçün çətin keçdi. Bunu statistikamdan görmək olar. Hücumçular üçün qol vurmaq həmişə çox vacibdir. Təəssüf ki, “Dinamo”da az şans qazandım və özüm üçün ən yaxşı variantı axtarırdım. Önəmli olan oynamağım idi. “Dinamo”ya ehtiyat oyunçular skamyasında kubok qaldırmağa yox, iz qoymağa gəlmişəm. Türkiyə variantım olanda getməkdə tərəddüd etmədim. Düzgün qərar verdiyimi düşünürəm. Təəssüf ki, orada da çətin dövr keçirdim. Ardıcıl məğlubiyyətlər alan, yeni baş məşqçisi olan bir komanda idi və uyğunlaşmaq üçün vaxtım olmadı. Son oyunlar bir az yaxşı keçdi, amma ümumilikdə çıxışımdan razı deyiləm. Ümid edirəm ki, sonuncu belə mövsümüm olacaq. “Dinamo”ya qayıtdım və məni daha yaxşı günlər gözləyir”.

Forvard “Dinamo”nun keçmiş baş məşqçisi Ante Caçiçə görə komandanı tərk etdiyini söyləyib:

“Türkiyəyə getdiyimə görə peşman deyiləm. Yenə olsa, yenə gedərəm. Həyatımda heç nəyə görə peşman deyiləm. Hər şey yeni təcrübədir. Oraya getmək həmin an ən doğru olan idi. Ümumiyyətlə, “Dinamo”da oynasaydım və ovaxtkı məşqçi ilə daha yaxşı münasibətimiz olsaydı, heç ayrılmazdım. Düşdüyüm vəziyyətə görə belə qərar vermişdim. Özünü icarəyə getdiyin kluba aid hiss etmirsən. Yenisən və çox vaxt da klub sənə 100 faiz güvənmir. Çünki onların oyunçusu deyilsən”.

Yenidən “Dinamo”ya qayıdan M.Emreli bu dəfə özünü sübut etmək niyyətində olduğunu qeyd edib:

“Bu klubun bir hissəsi olmaq qürurludur. “Dinamo”nu kiçik yaşlarımdan tanıyıram və burada iz qoymaq istəyirəm. Bu kluba layiq olduğumu göstərməliyəm. Hiss edirəm ki, ilk növbədə özümə, kluba və azarkeşlərə borcluyam. Yeni fürsət yaranıb və buraya niyə gətirildiyimi göstərmək istəyirəm. Baş məşqçi ilə çox danışmaq imkanım olmayıb. Amma onu tanıyıram və bilirəm ki, klubun əfsanəsidir. Bişçana özümü sübut etmək üçün cəmi beş gün istirahət etdim və məşqlərə qoşuldum. Bütün diqqətimi meydana vermişəm”.

“Dinamo” ilə “Konyaspor”u müqayisə etməkdə çətinlik çəkən 26 yaşlı hücumçu Xorvatiya və Türkiyə çempionatlarının fərqləri barədə danışıb:

“Bu iki komandanı müqayisə etmək çətindir. Həmişə dürüstəm və mənim üçün “Dinamo” daha yaxşı klubdur. Komandanın keyfiyyəti və əldə etdiyi nəticələr heyrətamizdir. “Dinamo” çempionluq üçün mübarizə aparır, amma Türkiyə liqası Xorvatiyadakından daha güclüdür. Orada keyfiyyətli komandalar var. Hər kəs bir-birini məğlub edə bilər. Həqiqətən, çətin çempionatdır. Xorvatiya liqasında keyfiyyət hər il artır, amma “Dinamo” daim zirvədə olur. İlk “4-lük”də olan klublar da demək olar, eynidir. Türkiyədə bütün komandalar hücum futbolu oynayır, amma Xorvatiyada “Dinamo” ilə matçlarda rəqiblər müdafiədə qalırlar və boşluqları tapmaq çətin olur”.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin yayında Polşa “Legiya”sından “Dinamo”ya keçib. Onun Zaqreb təmsilçisi ilə hələ üç illik müqaviləsi var

Son xəbərlər