Vaqif Sadıqov: "Bizim bir namizədimiz var - Qurban Qurbanov"

Vaqif Sadıqov: Bizim bir namizədimiz var - Qurban Qurbanov
İdman 1217
“Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərlə bağlı müzakirələr aparıldıqdan sonra konkret nəsə demək olar. İndiki halda yalnız bir vətəndaş kimi öz mövqeyimi bildirə bilərəm. Bu gün söhbət yerli mütəxəssis ətrafında gedirsə, bizim bir namizədimiz var – Qurban Qurbanov. Ümumi fikir bu cürdür". Bunu “Report”a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Toplantıda Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq. V.Sadıqovun sözlərinə görə, yalnız konkret namizədlər ətrafında fikir söyləmək olar: “Sabahkı iclasada fikir mübadiləsinin hansı istiqamətdə aparılacağını bilmirəm. Bəlli adlar olsaydı, rahat danışa bilərdim. Çox mühüm məqamdır. Elə qərar verməliyik ki, yığma indikindən də yaxşı nəticələr əldə etsin”.Təcrübəli mütəxəssis Q.Qurbanovun həm yığmada, həm də “Qarabağ”da çalışmasına dair təklif olunan varianta da münasibət bildirib. O deyib ki, bir məşqçinin eyni anda iki yerdə çalışmasına müvəqqəti olaraq icazə vermək olar: “Bütün sahələrdə olduğu kimi, bu gün futboldakı inkişafımız da göz qabağındadır. “Qarabağ”ın son uğurları, millinin ilklərə imza atması buna sübutdur. Bundan sonra da işimizi elə qurmalıyıq ki, həm milli komanda, həm də “Qarabağ” üçün qazanc əldə etmiş olaq. Bir məşqçinin eyni anda iki yerdə çalışmasına müvəqqəti olaraq, icazə vermək mümkündür. Lakin yeni gələcək mütəxəssis gərək fikrini bir yerə yönəltsin. Çünki qarşıda 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsi ilə yanaşı, Millətlər Liqası da var. Belə durumda iki yerdə çalışmaq məşqçinin özü üçün də çətin olar. Millinin baş məşqçisinə hamımız dəstək olmalıyıq. Hamımız ümumi iş üçün çalışırıq, daha böyük nəticələr əldə etməkdən ötürü səy gəstəririk”.Qeyd edək ki, Azərbaycan milli komandasının hazırkı baş məşqçisi Robert Prosineçkinin üç illik müqaviləsinin müddəti dekabrda başa çatır. Tərəflər artıq əməkdaşlığı davam etdirməyəcəklərini açıqlayıblar.BAKU.WS

Son xəbərlər