Dünyaşöhrətli idmançılar təyyarə qəzası ilə bağlı başsağlığı veriblər

Dünyaşöhrətli idmançılar təyyarə qəzası ilə bağlı başsağlığı veriblər
Foto
İdman 1341

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması cəmiyyətdə dərin təsir yaradıb və hadisəyə bir çox sahələrdən, o cümlədən idman dünyasından reaksiyalar gəlib.

BAKU.WS xəbər verir ki, tanınmış idmançılar baş verən hadisə ilə bağlı başsağlığı mesajları paylaşaraq həmrəylik ifadə ediblər.

Başsağlığı mesajları arasında UFC-nin hazırki və sabiq çempionları da var. UFC döyüşçüsü Xamzat Çimayev Aktauda baş verən qəzaya münasibət bildirib və həlak olanların ailələrinə başsağlığı verib: "Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Allah sizə səbr versin, Uca Allah rəhmət eləsin".

UFC-nin yüngül çəkidə sabiq çempionu Həbib Nurmaqomedov da Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib: "Doğrudan da, biz Allaha məxsusuq və Ona qayıdacağıq! Qardaş regionlara dərin hüznlə başsağlığı verirəm. Təyyarə qəzası zamanı həlak olanların ailələrinə səbir və güc diləyirəm. Xəsarət alanlara isə tezliklə şəfa arzulayıram!".

Qeyd edək ki, təyyarə qəzası ilə bağlı paylaşım edənlər arasında "Qarabağ" və Rusiyanın "Krasnodar" klubunun sabiq hücumçusu, braziliyalı Kadi Borqes və tanınmış rusiyalı məşqçi Stanislav Çerçesov da var. Onlar da bu hadisədən kədərləndiklərini dilə gətiriblər.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL Hava Yollarına məxsus sərnişin təyyarəsi Aktau (Qazaxıstan) şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. Təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib.

Son xəbərlər