Həkimlərdən həyəcan təbili: Olimpiya-2016 ləğv olunsun!

Həkimlərdən həyəcan təbili: Olimpiya-2016 ləğv olunsun!
İdman 2632
 

"Bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya-2016 ya ləğv olunsun, ya da başqa bir şəhərə köçürülsün". ANS PRESS-in məlumatına görə, belə bir bəyanatla 150-dən çox alim və həkim Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib. 

Təşkilatın rəhbəri Marqaret Çenə müraciət edənlər bunun Zika virusu ilə bağlı olduğunu deyiblər. Onların fikrincə, oyunlara baxmağa gələn yarım milyondan çox turist bu xəstəliyə tutula və daha sonra onu ölkəsində yaya bilər. Şikayətçilər bu virusun kasıb ölkələrdə yayılmasının daha qorxulu olduğunu vurğulayıblar.

"Təkcə oyundur deyə belə böyük bir riskə getmək olmaz. Ya oyunlar təxirə salınsın, ya da başqa ölkədə keçirilsin", - deyə bəyanatda deyilir. 

Müraciətin digər bir surəti Beynəlxalq Olimpiya Komitəsinə (BOK) göndərilib.

Braziliya Səhiyyə Nazirliyi isə öz növbəsində bildirib ki, Olimpiadanın başqa bir ölkəyə ötürülməsinə heç bir ehtiyac yoxdur. Nazirlikdən qeyd edilib ki, ötən il də avqustda ölkədə "denqe" qızdırması da qeydə alınmışdı, amma digər ölkələrə yayılmadı. 

Nazirlik onu da əlavə edib ki, Zika virusu təkcə Braziliyada deyil, 60-dan çox ölkədə mövcuddur. 

Mayın 16-də Avstraliya olimpiya yığmasının idmançılarına Rio-de-Janeyroda Olimpiya-2016-da iştirak etmək üçün  xüsusi qoruyucu verilməsi haqqında xəbər verilmişdi. Həmin qoruyucular idmançıları Zika virusundan qoruyacaq. 

Olimpiya oyunları avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Azərbaycan idmanaçıları da adıçəkilən yarışlarda təmsil ediləcəklər. Ancaq güləş yığmalarımız bu günədək Rio-de-Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

1950-ci illərdən Afrika ölkələrində yaranan Zika virusu bu gün dünyanın bir çox ölkələrində yayılmasına baxmayaraq, ona daha çox Braziliyada rast gəlinir. Virus xüsusilə hamilə qadınlarda daha təhlükəlidir. Çox zaman ölümlə nəticələn virusun səbəb olduğu xəstəlik "Mikrosefali" (balaca baş) adı ilə tanınır. Bu xəstəliklə doğulan uşaqların başı normaldan bir neçə sm kiçik olur.

Ötən ilin sentyabrından belə doğulan uşaqların sayının  4 minə çatdığı bildirilir. 2014-cü ildə bu rəqəm dünya üzrə 150-dən az olub.

Dünya Səhiyyə Təşkilatı Çili istisna olmaqla virusun bütün Cənubi Amerikada yayıldığını açıqlayıb. Bir neçə gün Avropa ölkələrində də bu virus aşkar edilib.

BAKU.WS

Son xəbərlər