FİFA-nın Baloqun qərarı dünya futbolunda etiraz dalğası yaratdı

FİFA-nın Baloqun qərarı dünya futbolunda etiraz dalğası yaratdı
İdman 19

FİFA-nın qərarı dünya futbolunda qalmaqal yaradıb: ABŞ millisinin futbolçusuna görə etirazlar artır

FİFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqun barəsində qəbul etdiyi qərar dünya futbolunda ciddi müzakirələrə səbəb olub.

BAKU.WS-in məlumatına görə, Baloqun Bosniya və Herseqovina ilə matçda kobud oyuna görə birbaşa qırmızı vərəqə almasına baxmayaraq, FİFA onun avtomatik diskvalifikasiyasını dayandırıb.

Nəticədə futbolçu iyulun 7-də Belçikaya qarşı keçiriləcək DÇ-2026-nın 1/8 final oyununda meydana çıxa biləcək.

Bu qərar ilk növbədə Belçika Kral Futbol Assosiasiyası tərəfindən sərt etirazla qarşılanıb. Qurum FİFA-nın intizam qaydalarının pozulduğunu bildirərək qərardan rəsmi şəkildə apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya də qərarı istehza ilə qarşılayaraq bildirib ki, "elə bil iyulun 5-i Aprelin 1-i – zarafat günüdür". Onun sözlərinə görə, burada söhbət təkcə Belçikanın deyil, futbolun ədalət və etik prinsiplərinin qorunmasından gedir.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino isə əksinə, FİFA-nın qərarını ədalətli hesab edib. O bildirib ki, futbolçunun qırmızı vərəqə alması əvvəldən yanlış qərar idi. ABŞ millisinin kapitanlarından Kristian Pulişiç də komanda yoldaşına tətbiq edilən cəzanın ləğvini düzgün addım kimi qiymətləndirib.

Qərar futbol ictimaiyyətində də birmənalı qarşılanmayıb. Keçmiş futbolçular Qari Nevill və Roy Kin FİFA-nı qaydaları seçmə şəkildə tətbiq etməkdə ittiham ediblər. Onların fikrincə, intizam prosedurları bütün komandalar üçün eyni olmalıdır.

Məsələ siyasi müstəviyə də keçib. ABŞ Prezidenti Donald Tramp ilə FİFA prezidenti Canni İnfantino arasında bu məsələ ilə bağlı telefon danışığının olduğu iddia edilir. Ağ Ev rəsmilərindən biri prezidentin futbolçuya göstərilən qırmızı vərəqənin səbəbləri ilə maraqlandığını təsdiqləyib. Eyni zamanda, ABŞ mediası administrasiyanın oyunun baş hakimi barədə əvvəllər səsləndirilmiş iddiaları da araşdırdığını yazıb. Lakin hakimin qanun pozuntusuna yol verməsi ilə bağlı rəsmi sübutun olmadığı vurğulanıb.

Avropanın aparıcı nəşrləri və futbol ekspertləri də FİFA-nın addımını "presedentsiz qərar", "təhlükəli nümunə" və "turnirin nüfuzuna zərbə" kimi qiymətləndiriblər. Bəzi jurnalistlər hesab edirlər ki, bu hadisədən sonra ABŞ millisinin əldə edəcəyi istənilən uğur şübhə ilə qarşılanacaq.

Bundan əlavə, iddialara görə, UEFA daxilində 2027-ci ildə keçiriləcək FİFA prezident seçkilərində Canni İnfantinoya alternativ namizədin irəli sürülməsi istiqamətində müzakirələr aparılır. Hazırkı qalmaqalın onun beynəlxalq futbol ictimaiyyətində dəstəyini zəiflədə biləcəyi bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər